"Bakı fantastik və müasir şəhərdir. Paytaxtınız bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir".
Bunu ONA-ya Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İtaliya yığmasının sabiq futbolçusu Françesko Toldo deyib.
"Milan", "Fiorentina" və "İnter" kimi klublarda çıxış etmiş veteran qapıçı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" arasında təşkil olunacaq qarşılaşma barədə fikirlərini açıqlayıb. O bildirib ki, "zadəganlar" daha şanslıdır: "Ümid edirəm ki, növbəti dəfə finalda İtaliya komandalarından hansısa iştirak edər. "Çelsi"nin italiyalı baş məşqçinin komandaya gəlişi ilə daha gücləndiyini düşünürəm. "Çelsi", yoxsa "Arsenal"? Bu çox çətin sualdır. Buna cavab vermək çox çətindir. Ümid edirəm ki, "Çelsi" qalib gələr".
O, Azərbaycan futbolu barədə də danışaraq, inkişafda olduğunu deyib: "Azərbaycan futbolu Avropa ilə müqayisədə geri qalır. Lakin daima inkişaf edir. Avropa çempionatlarına çıxmaq üçün potensialın olduğunu düşünürəm. Ona görə də inkişaf üçün davam etməlidir".
Qeyd edək ki, 1995-2004-cü illərdə İtaliya millisinin şərəfini qoruyan F. Toldo 2010-cu ildə karyerasını bitirib.