21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinə başlayıb.
APA-nın məlumatına görə, AVRO-2021-ə vəsiqə uğrunda 2-ci qrupda mübarizə aparan yığmamız start oyununda Lixtenşteynlə görüşüb.
Millimiz Eşen Mauren şəhərinin stadionuna yeni baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında çıxıb. Bu, serbiyalı mütəxəssisin komandamızda ilk rəsmi matçı olub.
O, debüt oyununda aşağıdakı “11-liy”ə şans verib. 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 17. Barış Ekincier, 23. Musa Qurbanlı.
Ehtiyat oyunçular skamyasında isə bu futbolçular qalıb: 1 Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 14. Ziya Əzizov, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov, 18. Emin Qasımov, 19. Tural Bayramlı, 20. Elçin Mustafayev, 21. Ərziman Rizvanov.
Millimiz səfərdə oynasa da, matçın aşkar favoriti sayılırdı. Çünki Lixtenşteyn U-21 yığması tarixi ərzində nəinki qələbə, heç xal qazanmayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 56 oyun keçirən komanda bütün görüşlərdə uduzub. Lixtenşteyn AVRO-1992, AVRO-2007-də 2, AVRO-2009, AVRO-2011, AVRO-2013, AVRO-2015-də 8, AVRO-2017 və AVRO-2019-da 10 dəfə meydana çıxsa da, xal üzünə həsrət idi.
Lakin Azərbaycan millisi bu "cırtdan ölkə"nin tarixinə düşüb. İlk xal arzusunda olan Lixtenşteyn nəinki uduzmayıb, hətta qələbə qazanıb.
10-cu dəqiqədə Frikin penaltidən vurduğu top meydan sahiblərinə tarixi qələbə qazandırıb. Düzdür, komandamızın buraxılan qoldan sonra məğlubiyyətdən qaçmaq üçün 80 dəqiqə vaxtı olub. Lakin nə millimizin göstərdiyi oyun, nə də M.Obradoviçin əvəzetmələri fayda verməyib. Nəticədə yığmamız Lixtenşteyndə növbəti fiaskosunu yaşayıb. Belə ki, 1998-ci ildə əsas yığmamız da Vadutsda 1:2 hesabı ilə uduzaraq, rəqibin seçmə mərhələlərdəki ilk qələbəsinə səbəb olmuşdu.
Qeyd edək ki, Azərbaycan və Lixtenşteynin yer aldığı 2-ci qrupda Fransa, İsveçrə, Slovakiya və Gürcüstan yığmaları da mübarizə aparır.
U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
21:00. Lixtenşteyn – Azərbaycan – 1:0
Qol: Frik, 10 (pen.)
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Pol Robinson, Stefen Donaldson
Dördüncü hakim: Şon Endryu (hamısı Şimali İrlandiya)
Eşen Mauren. "Sportpark Eşen Mauren" stadionu