Bu gün qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. ONA-nın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub.
İngiltərədə keçiriləcək AVRO-2021-ə vəsiqələr uğrunda mübarizə aparacaq 47 komanda doqquz qrupa bölünüb. Üç qrupda 6, doqquz qrupda 5 iştirakçı yer alıb.
AVRO-2009-dan sonra ilk dəfə seçmə mərhələyə qatılacaq Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. Millimiz 5 komandanın yer aldığı D qrupunda mübarizə aparacaq. Yığmamızın rəqibləri İspaniya, Çexiya, Polşa və Moldova olacaq.
Seçmə mərhələnin qrup qalibləri birbaşa İngiltərə-2021-ə yüksələcək. 2-ci yer sahiblərindən üçü də final mərhələsinə vəsiqə qazanacaq. Bu komandalar 1, 3, 4 və 5-ci yer sahibləri ilə oyunların nəticələrinə əsasən müəyyənləşəcək. Öz qrupunda 2-ci yeri tutan digər 6 komanda pley-offda son üç vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, seçmə mərhələnin oyunları bu il 26 avqust - 3 sentyabr, 30 sentyabr - 8 oktyabr, 4-12 noyabr, 2020-ci ilin 2-11 mart, 6-14 aprel, 1-9 iyun, 14-22 sentyabr tarixlərində keçiriləcək.