• İDMAN

    02:33 3 mart 2019

Futbolda yeni qaydalar tətbiq olunacaq

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) 133-cü illik ümumi yığıncağı keçirilib. ONA-nın məlumatına görə, Şotlandiyanın Aberdin şəhərində təşkil olunan iclasda bir sıra futbol qaydalarının dəyişdirilməsi barədə qərar qəbul edilib.
İFAB-a üzv olan İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və FİFA nümayəndələri qatıldığı tədbirdə əllə oyun qaydası müzakirə olunub və dəyişiklik zəruri sayılıb. Futbolçu artıq bilməyərək topa əllə toxunduqda da cəzalana bilər: təsadüfi toxunuşla qol vurduqda və ya qol imkanı yaratdıqda oyunçuya cəza da tətbiq ediləcək.
Dəyişiklik zamanı futbolçu meydanın ona ən yaxın olan xəttindən kənara çıxmalıdır. Artıq oyunçular meydan boyu texniki zonaya doğru hərəkət etməyəcək.
Qapıdan zərbə zamanı topun cərimə meydanını tərk etmək məcburiyyəti aradan qaldırılıb. Yəni müdafiəçi artıq cərimə meydanı daxilində də qolkiperin qapı vuruşundan ötürmə ala biləcək.
Ən diqqətçəkən qərar cərimə zərbəsi vuran komandanın üzvlərinə canlı səddə dayanmaq qadağasıdır. Artıq hücumda olan futbolçular rəqibin müdafiə səddindən ən azı 1 metr məsafədə dayanmalıdırlar. Bu, oyunçuların rəqibin müdafiə olunmasına əngəl törətmək cəhdlərinə son qoymalıdır.
Penalti zərbəsi zamanı qapıçının necə dayanması qaydasına da baxılıb. Artıq qolkiperin bir ayağı ilə qapı xəttində dayanması mütləqdir.
Klub nümayəndələrinə hansı hallarda sarı və vərəqə göstərilməsi ilə bağlı qaydada da dəqiqləşdirilmələr aparılıb. Həmçinin, topun hakimə dəydiyi epizodlarla bağlı qərarlar verilib.
Qeyd edək ki, futboldakı oyun qaydalarına cavabdeh olan İFAB-ın yeni qərarları 2019-cu il iyunun 1-dən qüvvəyə minəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR