Gənclər və İdman Nazirliyində Portuqaliya milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejma ilə görüş keçirilib.
ONA-nın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçinin Bakıya səfərinə həsr olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, idman şöbəsinin müdiri Fərid Mansurov, “Beşiktaş”ın Azərbaycandakı azarkeşləri və digər qonaqlar iştirak ediblər.
R.Kuarejma zala daxil olarkən azarkeşlərin gurultulu alqışları ilə qarşılanıb. Ardınca çıxış edən A.Rəhimov Avropa Liqasının mayın 29-da Bakıda keçirilən final matçı barədə danışıb: “Azərbaycanda futbol bayramı yaşandı. Avropadan da ölkəmizə kifayət qədər azarkeş gəldi. Qonaqların hamısı Bakıdan razı qayıtdı. Kuarejma Portuqaliya millisinin heyətində də Bakıda olub və yenidən paytaxtımızın qonağıdır”.
R.Kuarejma da səfəri barədə danışıb: “Bakıda olduğum üçün sevincliyəm. Hər kəsə təşəkkür edirəm”.
Portuqaliyalı “Beşiktaş”da qalmaqla bağlı suala da cavab verib: “Beşiktaş” mənim evim, ailəmdir. Karyeramı bu klubda bitirmək istəyirəm”.
Veteran futbolçu hələ karyerasını bitirmək istəmədiyini açıqlayıb: “Özümü yaxşı hiss edirəm. Hələ oynamaq istəyirəm. “Beşiktaş”la müqaviləm var. Azərbaycan klubuna keçidimə gəlincə, gələcəkdə nə olacağını bilmirəm. Amma “Beşiktaş”ı çox sevirəm. Gələcəyim də bura ilə bağlıdır”.
A.Rəhimov portuqaliyalı qonağa futboldakı əməyinə və Azərbaycanla Portuqaliya arasında dostluğa görə diplom təqdim edib.
R.Kuarejma Bakı barədə də danışıb: “Formula-1” yarışlarında da bura gəlmişəm. Bakını çox bəyənirəm. Avropa Liqasının finalını da izlədim. Çox gözəl oyun alındı”.
Futbolçu digər klubların təkliflərinə də münasibət bildirib: “Qalatasaray” və “Fənərbaxça”nın təkliflərinə gəlincə, mən pulla satılan deyiləm. “Beşiktaş”lıyam və orda da olacam”.
Qeyd edək ki, karyerası ərzində “Sportinq”, “Porto” (hər ikisi Portuqaliya), “Barselona” (İspaniya), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə) və “Əl-Əhli” (BƏƏ) klublarında oynamış R.Kuarejma 2010-12-ci illərdə də çıxış etdiyi “Beşiktaş”a 2015-ci ildə qayıdıb. 2003-cü ildən Portuqaliya millisində çıxış edən yarımmüdafiəçi 2016-cı ilin Avropa çempionudur.