• İDMAN

    15:18 29 mart 2019

Hakan Sünal: “Son illərdə Azərbaycan futbolunda inkişaf hiss olunur”

"Sumqayıt" Futbol Akademiyasının yeni direktoru Hakan Sünalın təqdimat mərasimi keçirilib.

ONA-nın yerli bürosunun məlumatına görə, "Kapital Arena"nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, klub rəsmiləri, akademiyanın məşqçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Klubun prezidenti R. Rəfiyev yeni direktorun qarşısına qoyulan məqsədlərdən danışıb. O, bildirib ki, mütəxəssis öncə akademiyanın məşqçi heyətinin hazırlanmasına diqqət yetirəcək: "Klubun ümumi büdcəsinin 20 faizi uşaq futbolunun inkişafına ayrılır. Sumqayıtda qapalı manejin də inşa olunması nəzərdə tutulub. Bununla bağlı işlər aparılır".

Təqdimat mərasimində H. Sünal "Sumqayıt" Futbol Akademiyasında görüləcək işlərdən danışıb, öz futbol fəlsəfəsini bölüşüb: "Sonuncu dəfə 2001-ci ildə Azərbaycanda olmuşam. Son illərdə futbolunuzda inkişaf hiss olunur. Məqsədimiz əsas komanda üçün yerli futbolçuların yetişdirilməsidir. Bununla yanaşı, məşqçi heyətinin bacarıqlarının artırılması istiqamətində də səy göstərəcəyəm. Mənim üçün əsas aşağı liqada çıxış edən komanda üzvlərinin göstərdiyi nəticələr deyil, onların bir futbolçu kimi inkişaf etdirilməsidir. Məşqçi heyəti ilə birlikdə qarşımıza qoyduğumuz hədəflərə çatacağımıza ümid edirəm”.

Faydalı işbirliyinə inandığını bildirən 38 yaşlı türk mütəxəssis jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Hakan Sünalla 2 illik müqavilə bağlanıb.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və 16-19 yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 38 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.
Ramil Zeynallı

Tahir

Teqlər:

SON XƏBƏRLƏR