UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa həsr olunan bugünkü “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək futbolçuların sayı dəyişib. ONA-nın məlumatına görə, paytaxtın mərkəzində keçiriləcək oyunda Türkiyə millisinin sabiq futbolçusu Həmit Altıntop da iştirak edəcək.
Futbol veteranının bu matçdakı iştirakı son anda dəqiqləşib. Altıntop AFFA-nın rəsmi feysbuk səhifəsindəki video paylaşımda da bunu təsdiqləyərək, azarkeşləri qarşılaşmaya dəvət edib: “Salam Azərbaycandakı qardaşlarıma. “Ulduzlar finalında” mən Həmit Altıntop da yer alacam. Hamınızı sevgilərlə oyunda gözləyirəm”.
Qeyd edək ki, öncədən matçda iştirak edəcək hər komandada beş əsas, bir ehtiyat oyunçunun olacağı planlaşdırılsa da, sonradan daha iki ulduz siyahıya daxil edilib. Bu üzdən hər komandada 7 futbolçu mübarizə aparacaq. Bunlardan səkkizi xarici ulduzlardır ki, Altıntopa qədər Yeji Dudek, Deku, Eydur Qudyonsen, Maykl Esyen, Revaz Arveladze Nihat Kahveci, Aleksandr Arşavinin iştirakı dəqiqləşmişdi.