Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
ONA-nın məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular yer alıblar.
İFFHS-in siyahısına ilin ilk üç ayı ərzində qitə miqyaslı klub turnirləri və milli komandada ümumilikdə 4 və daha çox qol vuranlar daxil edilib. Arxada qalan müddətdə yalnız 38 oyunçu bunu bacarıb.
Cədvələ Qətər millisinin və “Əl-Duhail” klubunun üzvü Almoez Ali başçılıq edir. 9 dəfə fərqlənən hücumçu bütün qollarını yığmada vurub.
Yeni Zelandiya millisinin və “Vellinqton” klubunun futbolçusu Ross Allenin hesabında 8 top var. O, yalnız qitə kuboklarında rəqib qapısına yol tapıb.
İlk “üçlüy”ü Sərdar Azmun qapayır. İran yığmasında 4, Rusiya “Zenit”ində 3 qola imza atan forvard ümumilikdə 7 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan futbolçuları ilin ilk üç ayında yalnız bir qol vurub. Bu topa Xorvatiya ilə AVRO-2020-nin seçmə oyununda yığmamızın hücumçusu Ramil Şeydayev imza atıb.