II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
ONA-nın Belarusa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir paytaxt Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub.
Mərasimdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil ediblər. Milli komandamızın da qatıldığı multiidman yarışının açılış mərasimi Belarusun dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlayıb. Ölkənin dövlət himni səsləndirildikdən sonra "Kupalye epizodu" nümayiş etdirilib.
Daha sonra idmançıların paradı gerçəkləşib. Azərbaycan yığması azarkeşlər önündən əlifba sırasına uyğun olaraq, altıncı keçib. Paraddan sonra "Qıjı çiçəklənəndə" adlanan şou nümayiş etdirilib. Bu, azarkeşlərə çoxlu sürpriz bəxş edib. Onlardan ən əsası, mərasimə əlavə olunmuş reallıq texnologiyalarının daxil edilməsi olub. Əfsanəyə görə, Kupala gecəsində meşə kasasında yalnız bir anlıq ayıdöşəyi çiçəyi işıqlanır. İnanclara əsasən, kim bu gülü iyləsə, dünyanın bütün sirlərini bilir. O, bitkilərin və heyvanların dilini anlamağa başlayır, gizli xəzinələri tapır, keçmişə və gələcəyə boylana bilir.
Açılış mərasimində məhz qıjı gülü barədə gözəl əfsanədən bəhs olunub. Bunun əsas arzuya - güc verən və ürəkdə alovu yandıran cəsarətli ideyaya can atma simvolu olduğu vurğulanıb. Mifik gül ən gözəl arzuları yerinə yetirməyə qadirdir. Amma onu sınaqlardan keçən, cəsur və ürəyi təmin şəxs əldə edir. Tədbirdə qıjı gülünün axtarışlarına birgə yollanmaq və qədim əfsanənin hansı mesajı verdiyini anlamaq təklif olunub. Mərasimin baş prodüseri İqor Krutoy, quruluşçu rejissoru Aleksey Seçenov olub.
Daha sonra Belarusun tarixi və əfsanələrindən bəhs edən video-çarxlar nümayiş etdirilib.
Açılış mərasimin rəsmi hissəsində BMT-nin baş katibi Antoniu Quterreşin video-müraciəti səsləndirilib. Ardınca Avropa Olimpiya Komitələrinin (AOK) bayrağı gətirilərək qaldırılıb və andiçmə mərasimi baş tutub. Tədbirdə çıxış edən AOK-un prezidenti Yanez Koçiyançiç bildirib ki, Belarusda belə bir yarışın keçirilməsi böyük şərəfdir: "Bütün dünyanın diqqəti bu Oyunlara cəmlənib. Bəzi idmançılara Tokio üçün yol reallığa çevrilə bilər. Ən yaxşı idmançılar 2020-ci il Olimpiya Yay Oyunlarına vəsiqə əldə edəcəklər".
O qeyd edib ki, qarşıda hər kəsi 10 günlük yüksək səviyyəli yarış gözləyir.
Belarus prezidenti Aleksandr Lukaşenko çıxışında belə nəhəng layihəni həyata keçirməkdən qürur hissi keçirdiklərini vurğulayıb. O bildirib ki, belaruslu idmançıların Minsk-2019 II Avropa Oyunlarındakı uğurları ölkə üçün böyük nailiyyət sayılacaq. O, bütün yarış iştirakçıları və qonaqları salamlayaraq, II Avropa Oyunlarını açıq elan edib.
Sonra Oyunların arenadakı məşəli "Sülh məşəli"i ilə alovlandırılıb. Mərasim atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. 50 ölkənin 4000-dək idmançısının qatıldığı yarışda 15 növ üzrə 200 dəst medal oynanılacaq.
***
Saat 23:07
II Avropa Oyunlarının açılış mərasimi keçirilir.
ONA-nın Belarusa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mərasim Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub.
Azərbaycan millisinin də qatıldığı multiidman yarışının açılış mərasimi 3000 könüllünün meydana çıxması ilə başlayıb.
Tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Heyətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər yer alıblar.