“Biz Bakıda havanın indikindən daha isti olacağını gözləyirdik. Fikirləşirdik ki, çətin olar”.
APA-nın məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Milan Şkrinyar deyib.
İtaliyanın “İnter” klubunda çıxış edən slovakiyalı AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla bugünkü görüşü barədə fikirlərini açıqlayıb. M.Şkrinyar bildirib ki, ehtiyatlandıqları isti hava şəraiti ilə üzləşməyiblər: “Amma Bakıda hər şey yaxşıdır, xoşdur. Bu baxımdan heç bir problem yoxdur. Mənə elə gəlir ki, səfər oyunlarına iki gün öncədən getmək yaxşıdır. Çünki uyğunlaşmaq üçün daha çox vaxtımız olur”.
Təcrübəli müdafiəçi Bakıdakı oyunun vacibliyini qeyd edib: “Azərbaycanın bir neçə oyunda aldığı məğlubiyyəti izləmişik. Bilirik ki, bizi çətin rəqib gözləyir. Azərbaycan yığması hətta Xorvatiyayla matçda da hesabı açmışdı. Yalnız bundan sonra meydan sahibləri qələbə qazanmağı bacarmışdılar. Macarlar isə Azərbaycana qarşı standart vəziyyətlərlə mübarizə apardılar. Bir sözlə, bizi asan olmayan görüş gözləyir. Amma inanırıq ki, vurduğumuz qollarla uğur qazana biləcəyik. Çünki bizim üçün qələbə çox vacibdir”.
M.Şkrinyar qələbə üçün nəyin lazım olduğunu da açıqlayıb: “Biz öz oyunumuzu oynamalı, topa nəzarət etməliyik. Kombinasiyalı oyun nümayiş etdirmək niyyətindəyik. Bacardıqca erkən qol vurmalıyıq. Çünki nə qədər gec hesabı açsaq, rəqib bir o qədər çox qapanacaq. Bu da bizə çətinlik yaradacaq. Hər oyunda meydana çıxmağa hazır olsam da, baş məşqçi İordaniya ilə yoxlama matçında başqalarına şans verdi. Azərbaycanla qarşılaşma üçün kifayət qədər gücüm olacaq”.
A seriyasında çıxış edən futbolçu Bakını çox bəyənib: “İlk dəfədir Bakıdayam. Bura məni çox təəccübləndirdi. Biz dünən səhər şəhəri gəzdik. Düzdür, yalnız bir hissəsini görə bildik. Bakı həqiqətən çox gözəldir, belə olduğunu gözləmirdim. Burada qalib gəlsək, Bakı xatirəmdə daha gözəl qalacaq”.