Azərbaycan milli komandasının sabiq baş məşqçisi, futbol növü üzrə yeganə Olimpiya çempionumuz İqor Ponomaryov ONA-ya müsahibə verib. İsveçdə yaşayan 59 yaşlı mütəxəssis ölkə futbolu və yığma barədə fikirlərini açıqlayıb.
- Artıq neçə ildir İsveçdəsiz. Bu ölkədə futbolla bağlı hər hansı fəaliyyət göstərirsizmi?
- Düzünü desəm, İsveçdə futboldan çoxdan uzaqlaşmışam. Özümə söz vermişəm ki, əgər futbolda çalışacamsa, bu, yalnız Azərbaycanda olacaq. Çünki bütün uşaqlığım orda keçib, futbolçu kimi orda yetişmişəm. Amma işsiz oturmuram. Ailəni dolandırmaq, ödənişlər etmək, pul qazanmaq lazımdır. Bir neçə gün öncə İspaniyada idim. Kosta-Del-Solda daşınmaz əmlak satışı ilə məşğul oldum.
- Çoxdandır aktiv futbol fəaliyyəti ilə məşğul deyilsiz. Futbol üçün darıxmırsız?
- “Sabah”ın Müşahidə Şurasında yer almağımı saymasaq, fəal futbol fəaliyyəti ilə məşğul deyiləm. Futbol üçün darıxıb-darıxmamağa isə başqa cür yanaşıram. Futbolu sevirəm. Amma oturub düşünmürəm ki, bu idman növü üçün darıxım, ya darıxmayım. Özümü də yaxşı hiss edirəm. Həyat başqa şanslar da verir. Bir qapılar bağlanırsa, digərləri açılır. Sadəcə, oturub darıxmaq mənlik deyil. İndi başqa işlərlə məşğul oluram.
- Ölkə xaricindən Azərbaycan futbolu necə görünür?
- Düzünü deyim ki, heç cür görünmür. Siz özünüz də bunu bilirsiz.
- “Sabah”ın Müşahidə Şurasının üzvüsünüz. Buradakı funksiyanız nədən ibarətdir?
- Xoşdur, maraqlıdır, şadam. “Sabah” yeni, gənc komandadır. Komandanın vəzifələri, nail olmağa çalışdıqları çoxdur. Arzu edirəm ki, onlar bu istəklərinə, hədəflərinə çatsınlar. Komandanın ətrafında maraqlı insanlar toplaşıblar. Onların ideyalarının, Azərbaycan futboluna bəxş etmək istədiklərinin həyata keçməsini arzulayıram.
- İsveçdən “Sabah”ı izləyə bilirsinizmi? Topaz Premyer Liqasının debütantının çıxışını necə dəyərləndirirsiz?
- İzləyirəm, klubdakı işlərdən xəbərim olur. Amma matçları izləmək alınmır. Dostlarım sağ olsunlar, daim məni baş verənlər barədə məlumatlandırırlar. “Sabah” Premyer Liqadakı ilk mövsüm üçün layiqli çıxış edir. Komanda çempionatdakı digər iştirakçılar üçün layiqli rəqibdir.
- Çempionatın gedişi barədə nə deyə bilərsiz?
- Çempionat barədə nə isə demək kifayət qədər çətindir. Premyer Liqada cəmi 8 komanda mübarizə aparır. Onlardan 2-3-ü nisbətən güclüdür. Bu üzdən yarış haqda danışmaq asan deyil. Xüsusilə də oyunları izləmədiyin halda.
- Siz “Qarabağ”ın baş məşqçisi olanda çempionatda 18, indi isə cəmi 8 klub çıxış edir. Buna necə yanaşırsız?
- Bəli, onda 18 komanda var idi. 18 iştirakçı olan vaxt sponsorların da, özünü göstərmək imkanı qazanan futbolçuların da sayı çox idi. İndi bu rəqəm azalıb. Yüksək səviyyədə qüvvəsini sınayan oyunçuların sayı da aşağıdır. Digərləri isə Birinci Divizionda oynamalı olur. Bu isə oyunçuların səviyyəsində eniş yaradır. 8 komanda varsa, daha az oyunçu inkişaf edir. Klub sayı artmalıdır ki, daha çox futbolçu oynamaq, inkişaf etməyə çalışa bilsin.
- Bir müddət əvvəl Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi xorvatiyalı Nikola Yurçeviçə həvalə edilib. Bu təyinatı necə qarşıladız?
- Normal qarşıladım. Əvvəlki illərdə də həm yerli, həm xaricdən çağırılan məşqçilərin təyinatında olduğu kimi müsbət yanaşdım. Yığmamız bu məşqçi ilə uğur qazansa, biz, azarkeşlər yalnız şad olarıq.
- Yeni baş məşqçidən nə gözləmək olar?
- Qrupa nəzər salsaq, milli ilə bağlı vəziyyətin heç də asan olmayacağını görərik. Komandaya uğur və irəliləyiş arzulayıram.
- Yığmanın yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılması xeyli müzakirə olundu. Bu məsələdə sizin mövqeyiniz necədir?
- Baş məşqçinin yerli və ya əcnəbi olmasından asılı olmayaraq onlardan hansınınsa artıq uğur qazanmasını istəyirəm.
- Qarşıda millimizi AVRO-2020-nin seçmə mərhələsi gözləyir. Yığmamızdan bu tsikldə nə gözləyirsiz?
- Yalnız bir şey – mümkün qədər irəliləməyini gözləyirik. İşləyənlər isə buna çalışmalıdır.
- Bir neçə gün öncə ad gününüzü qeyd etdiniz. Bu günü Bakıdan kənarda keçirdiz. Vətənə nə vaxt gəlməyi planlaşdırırsız?
- Ad günümdə məni təbrik edənlərin hamısına təşəkkür edirəm. Bakıya gəlmək istəyirəm. Çalışıram, hazırlaşıram ki, imkan olan kimi gəlim. Amma həmişə istədiyin alınmır. İşlər imkan vermir. Amma imkan olan kimi gəlir, dostlarımla görüşür, Bakıdan zövq alıram. Ümid edirəm ki, tezliklə paytaxtda olacam.
- Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bu matçla bağlı bir sıra tədbirlər təşkil olunur. Yeganə Olimpiya çempionumuz hər hansı tədbirə dəvət alıbmı?
- Hələlik heç bir tədbirə dəvət almamışam.