Futbol üzrə İspaniya Superkubokunun formatı dəyişdirilə bilər. ONA.az xəbər verir ki, bunu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.
O bildirib ki, ölkə futbolunun gəlir və imicini qaldırmaq üçün Superkubok 4 klub arasında keçiriləcək. Bu yarışda adətən ölkə çempionu və kubokun qalibi üz-üzə gəlsə də, yeni formata əsasən hər turnirin 2 ən yaxşısı mükafat uğrunda mübarizə aparacaq.
Ölkə çempionu, gümüş mükafatçı və kubokun finalçıları arasında turnirin ölkə xaricində keçirilməsi nəzərdə tutulub. Əgər eyni komanda hər 2 turnirdən Superkuboka vəsiqə qazansa, bu hüquq federasiyanın seçiminə buraxılacaq. Qurum tarixi nəticələrə əsasən turnirin 4-cü iştirakçısını dəqiqləşdirəcək. Bu komandalar “Dördlər finalı” formatında güclərini yoxlayacaqlar.
Superkubokda yeni formatın tətbiqi ilə bağlı yekun qərar qurumun İcraiyyə Komitəsinin apreldə keçiriləcək iclasında veriləcək. Yarışın keçirilmə vaxtında isə dəyişiklik nəzərdə tutulmayıb. Turnirin bu dəfə də mövsüm öncəsi avqust ayında təşkili planlaşdırılır və 4-5 gün davam edəcək.
Qeyd edək ki, son İspaniya Superkubokunun son qalibi “Sevilya”nı 2:1 hesabı ilə məğlub edən “Barselona” olub.