“Marselo Brozoviçin zədələnməsindən xəbərdaram. Lakin onun durumu çərşənbə axşamı keçəcəyi müayinələrdən sonra bilinəcək”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç deyib.
AVRO-2020-nin seçmə mərhələsinin martın 21-də keçiriləcək oyununda Azərbaycan yığması ilə görüşəcək balkanlıların çalışdırıcısı İtaliya “İnter”inin yarımmüdafiəçisi Marselo Brozoviçin durumu barədə danışıb: “Əzələsində ağrılar hiss edən futbolçu oyunu davam etdirə bilməyib. Zədəli vəziyyətdə sonadək oynasaydı, durumunu daha da ağırlaşdırardı”.
Z.Daliç seçmə mərhələnin Azərbaycana qarşı keçiriləcək ilk görüşünə hazırlıq barədə də fikirlərini bildirib. O, köməkçisi İvitsa Oliçin yığmamız barədə məlumat almaq üçün millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşdüyünü də gizlətməyib: “Peşəkar kadrlarımız tam gücü ilə çalışırlar. İvitsa Oliç Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumat əldə etmək istəyirik. Bunun üzərində səylə çalışırıq”.