Minskdə II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan millisinin karateçiləri və yığma komandanın əvəzedici heyətinin bir sıra üzvü müxtəlif ölkələrdə təlim-məşqlərə yola düşüblər.
Karate Federasiyasından ONA-ya verilən məlumata görə, baş məşqçi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə Çinin Honq Konq şəhərinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də 84 kq) yer alıb. İyunun 5-dək təlim məşqlərdə olan karateçilər oradan birbaşa 7-9 iyunda Çinin digər şəhəri Şanxaya Karate1 Premyer Liqasına yollanacaqlar. Bu mötəbər yarışda onlara Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) da qoşulacaq.
Rafael Ağayev (75 kq) zədəli olduğundan təlim-məşq və qarşıdakı turnirdən azad olunub. Oyunların daha bir iştirakçısı Nuranə Əliyeva (50 kq) və digər heyət üzvləri, Bakıda milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevlə hazırlıqlarını davam etdirəcək. Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edən referilər arasında olacaq.
II Avropa Oyunlarına vəsiqə qazanan digər idmançılarımız Roman Heydərov kata üzrə baş məşqçi Vahid Ayvazovla birgə mayın 26-dan iyunun 3-dək Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edəcək. İrina Zaretska (68 kq) ilə qadınların baş məşqçisi Denis Morozov isə 31 may-3 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində hazırlıqlarda olacaq.
Milli komanda iyunun 11-də Bakıya dönüb, II Avropa Oyunlarına hazırlıqları davam etdirəcək.
Qeyd edək ki, Minsk-2019 iyunun 21-30-da keçiriləcək.