Əfsanəvi voleybol məşqçisi Nikolay Karpol karyerasını daha bir il davam etdirəcək.
ONA-nın məlumatına görə, mayın 1-də 81 yaşını qeyd edən rusiyalı mütəxəssis “Uraloçka”nı 2019/2020 mövsümündə də çalışdıracaq.
O, bunu Rusiya mətbuatına verdiyi açıqlamada təsdiqləyib: “Mən növbəti mövsümdə, növbəti ildə də komanda ilə işləyəcəm. Biz hazırlığa iyunun 17-də başlayacağıq”.
N. Karpol bununla da “Ginnesin rekordlar kitabı”na düşməyi planlaşdırır. 50 ildir “Uraloçka”ya rəhbərlik edən mütəxəssis bu rəqəmi 51-ə çatdıracaq. Bununla da o 50 il Kanadada eyni hokkey klubuna rəhbərlik edən həmkarının rekordunu qıracaq.
Qeyd edək ki, N. Karpol dünya voleybol tarixinin ən titullu məşqçisidir. O, SSRİ yığması ilə 2 dəfə Olimpiya, 1 dəfə dünya, 4 dəfə Avropa çempionu olub.