AFFA İcraiyyə Komitəsinin üzvü və "Keşlə" Futbol Klubunun prezidenti Zaur Axundov paytaxt təmsilçisinin gələcək taleyi barədə fikirlərini açıqlayıb. ONA-ya müsahibə verən prezident baş məşqçi məsələsinə də aydınlıq gətirib, Tərlan Əhmədovun postunda qalacağını söyləyib.
- Komandanızın Premyer Liqada iştirakı dəqiqləşibmi?
- AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Bununla bağlı yekun qərar orda veriləcək.
- Bəs baş məşqçi Tərlan Əhmədovun gələcək taleyi necə olacaq?
- Tərlan Əhmədov hələlik daha bir mövsüm komandada qalacaq və işini davam etdirəcək. Ancaq bildiyiniz kimi, komandada köklü islahatlar aparılır. Klubda da köklü dəyişikliklər edirik. Bu, həm futbolçulara, həm də işçilərə aiddir.
- Növbəti mövsümlə bağlı hədəfiniz nə olacaq?
- Uğurlu çıxış etmək. Komanda ötən il Azərbaycan kubokunun sahibi oldu, amma bu il çempionatda sonuncu yeri tutdu. Bu, böyük fərqdir. Təbii ki, həm mən, həm də "Keşlə" azarkeşləri bununla razı ola bilməz. Kluba yeni oyunçular, işçilər dəvət olunacaq. İnanırıq ki, bununla canlanma yaranacaq və gələn mövsüm uğurlu çıxış edəcəyik.
- Avrokuboklara vəsiqəni hədəfləyəcəksiniz?
- Təbii ki, hər bir komanda Azərbaycanı avrokuboklarda təmsil etmək istəyir. O cümlədən də "Keşlə". Amma indi bu barədə düşünmürük. Əsas istəyimiz kollektivi komplektləşdirmək, yeni mövsümə sağlam ruhlu iddialı komanda kimi başlamaqdır.
- Sizin də dediyiniz kimi, ötən il ölkə kubokunu qazanan komanda bu mövsüm çempionatda sonuncu oldu. Baş məşqçi dəyişikliklərinin buna təsiri oldumu?
- Bunun təsiri çox oldu.
- Bəs bunda ən çox məsuliyyət hansı məşqçidə oldu?
- Ən çox məsuliyyət məndə oldu. Seleksiya işi həvalə olunan adamlara böyük ümid bəsləyirdim. Amma onlar bunu çox zəif şəkildə etdilər. Komandaya lazımsız oyunçular cəlb olundu. Həmin futbolçular da cəmi 5-6 turdan sonra "dayandılar", oynamadılar. İllərdi futbolun içindəyəm. Görürdüm ki, komanda 60-cı dəqiqədən sonra oynaya bilmir. Bu da yanlış oyunçu seçimindən qaynaqlanır. Elə buna görə də, əksər futbolçularla yollarımızı ayırmışıq.
- Ötən mövsüm danışılmış oyun məsələləri var idi ki, buna görə komandadan uzaqlaşdırdıqlarınız oldu. Bəs bu mövsümdəki matçların ikinci hissələrindəki zəif çıxış sizdə şübhə yaratmır?
- Xeyr, bu tam olaraq fiziki çatışmazlıqla bağlıdır. Aparıcı futbolçu hesab etdiyimiz bəzilərinin fiziki gücləri çatmadı. Buna görə də komandamız uğursuz nəticələr göstərdi. Bizim klubda oyun alqı-satqısından artıq söhbət gedə bilməz.
- Stadionla bağlı problem yoluna qoyulubmu?
- Heç bir problem yoxdur. İyunun 1-də tender təşkil ediləcək və qalib şirkət meydançanın örtüyünü dəyişəcək. "Keşlə" yeni mövsümdən UEFA-nın "2 ulduz" standartlarına tam cavab verən örtüyündə mübarizə aparacaq.
- Bütün stadionlarda artıq təbii örtük quraşdırılıb. Siz niyə təbii örtüyə keçmədiniz?
- Hazırda Avropada elə süni stadionlar var ki, təbii otdan heç də geri qalmırlar. UEFA onlara ulduz kateqoriyası verir və həmin arenalarda bu qurumun bayrağı altında olan turnirlər keçirmək mümkündür. Bu üzdən də qərara gəldik ki, süni örtük daha məqsədəuyğun olar. Həm də bizim əvəzedici heyətimiz və U-19 komandamız da orda çıxış edir. Təbii örtükdə oyun keçirsən, gərək matdan sonra 3 gün ora heç kim daxil olmasın. Meydançalar da az olduğundan, süni örtüyü üstün tutduq. Çünki 10-a yaxın komandamız var.