“Bakıda yarışmaq həyəcanvericidir. İndiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq”.
ONA-nın məlumatına görə, bunu “Haas”ın pilotu Kevin Maqnussen deyib.
27 yaşlı danimarkalı Bakıda bu gün start götürən “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisi öncəsi fikilərini açıqlayıb. O bildirib ki, bu il mərhələyə hamı ehtiyatla yanaşır: “Zövqverici trekdir, burada sürmək əyləncəlidir. Əlbəttə ki, yarışmaq və ötmələr etmək baxımından geniş fürsətlərə sahib oluruq. Həqiqətən də, yarışmaq üçün yaxşı məkandır”.
K. Maqnussen qeyd edib ki, hər zaman yarış həftəsonuna ümidli və müsbət əhval-ruhiyyədə gedir: “Bu trek indiki məqamda bizi narahat edən məsələlərdə çox da köməyimizə gəlməyəcək. Hesab etmirəm ki, bolidimiz sürət baxımından bu həftəsonu zəif olsun. Bizim bolidimiz sürətlidir. Bildiyiniz kimi, komandamızın hər iki bolidi hər üç yarışın sıralanma mərhələlərinin sonuna qədər mübarizə apara bilib. Sonra hər üç yarışda isə ikinci ən zəif sürətli komanda olmuşduq. Bu aydındır ki, bizim bununla bağlı problemimiz var və bunu tezliklə aradan qaldırmalıyıq. Hesab edirəm ki, bunun həlli bir qədər vaxt aparacaq”.