İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor rusiyalı Həbib Nurmaqomedova növbəti dəfə söz atıb.
ONA-nın məlumatına görə, dünya çempionu kəməri uğrunda döyüşdə məğlub olduqdan sonra qeyri-etik davranışları ilə diqqət mərkəzinə düşən Makqreqor yenə təhqiramiz ifadələrlə gündəmə gəlib.
Bu dəfə o, H. Nurmaqomedovun cavabını verərkən etik çərçivədən kənara çıxıb. Bir gün öncə rusiyalının K. Makqreqoru bir şey olan kimi getməklə hədələyən qısqanc arvada bənzətməsi sonuncunun əsəblərini tarıma çəkib. İrlandiyalı döyüşçü Həbiblə həyat yoldaşının şəkilini sosial şəbəkədə paylaşaraq, “Dostum, sənin həyat yoldaşın əl dəsmalıdır” yazıb.
Paylaşıma reaksiya verən Nurmaqomedovun agenti Əli Əbdüləziz qarşı tərəfin cavabını verib. O yazdığı rəydə bildirib ki, Makqreqor Həbibin ailəsini təhqir edib və başa düşmür ki, 1,5 milyard müsəlmana da söz atıb. Az keçməmiş, irlandiyalı paylaşımı silib.