“Bakıdakı həftəsonu öncəsi həqiqətən də səbirsizəm. Mənə çox yaxşı tanış olan bu trasdan əla xatirələrim var”.
ONA-nın məlumatına görə, bunu “Formula-1” pilotu Lens Stroll deyib.
“Reysinq Point” komandasının üzvü Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Bakıda ilk dəfə podiuma 2017-ci ildə qalxmışam. Ötən il də burda xal topladım. Bakıda elə tras var ki, orda imkanlarından istifadə etməlisən. Ümumiyyətlə, şəhər traslarından xoşum gəlir. Bakıda isə idarəçilik üçün əla trek var. Dövrə kifayət qədər çətindir, pilot öz ustalığını göstərməlidir. Orda 90 dərəcəlik döngələr və sürətli hissələr çoxdur. Dövrənin sonu çox əyləncəlidir. Divarlar yaxın olduğundan tras dardır və pilotun səhv etməyə haqqı yoxdur. Belə yarışı televiziyada izləmək də çox maraqlıdır. Qarşıdakı həftəsonu xal qazanmaq üçün əla imkandır. Bu trasın bizə Çin və ya Bəhreynlə müqayisədə daha münasib olduğunu düşünürəm. Simulyatorda böyük iş görmüşük və mən gərgin mübarizə gözləyirəm”.
Qeyd edək ki, L.Stroll ötən il Bakıdakı mərhələ yarışında 8-ci yeri tutaraq 4 xala sahib olub.