“Liverpul”dan möcüzə, “Barselona” darmadağınla Çempionlar Liqası ilə vidalaşıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 00:55 08 May 2019

“Liverpul”dan möcüzə, “Barselona” darmadağınla Çempionlar Liqası ilə vidalaşıb - VİDEO

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

ONA-nın məlumatına görə, ilk finalçı İngiltərədə müəyyənləşib.

Liverpulda şəhərin eyniadlı komandası İspaniya “Barselona”sını qəbul edib. Yarışın beşqat qaliblərinin “Enfild Roud” stadionundakı dueli erkən qolla başlayıb.

Səfərdə üç cavabsız qol buraxan ingiltərəlilər 7-ci dəqiqədə hesabı açıblar. Divok Oriqi meydan sahiblərini ümidləndirib.

İkinci hissə də “Liverpul” üçün uğurlu başlayıb. Meydana sonradan daxil olan Jorjinyo Veynaldum üç dəqiqəyə iki qol vuraraq ümumi hesabda tarazlıq yaradıb – 3:0. Bu nəticə oyunu əlavə vaxta aparsa da, mersisaydlılar cütün taleyini daha tez aydınlıq gətiriblər. Böyük üstünlüyünü əldən verən “Barselona” matçın sonlarında daha bir qol buraxıb. Dubla imza atan Oriqi kataloniyalıların darmadağınını rəsmiləşdirib – 4:0.

Beləliklə, doğma meydanda möcüzəyə imza atan “Liverpul” tarixində 9-cu dəfə finala yüksəlib. Həlledici görüşü qəbul edəcək Madridin “Metropolitano” stadionunda isə İspaniya klubunun olmayacağı dəqiqləşib.

Qeyd edək ki, ikinci finalçının adına mayın 8-də keçiriləcək “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) matçında aydınlıq gələcək.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) - 4:0

Qollar: Oriqi, 7, 79, Veynaldum, 54, 56
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Liverpul. “Enfild Roud” stadionu
İlk oyun – 0:3

OXŞAR XƏBƏRLƏR