AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç çıxış etdiyi İngiltərə “Aston Villa”sının düşərgəsindən ayrılıb.
ONA-nın məlumatına görə, buna futbolçunun zədəsi səbəb olub.
Çempionşipdə mübarizə aparan klubda iki aya yaxındır meydana çıxmayan qolkiper müalicə üçün vətəninə dönüb. O, verdiyi müsahibədə bildirib ki, ayağındakı xəsarəti Azərbaycanla martın 21-də Zaqrebdə keçirilən görüşdə alıb.
L.Kaliniç həmin vaxt ağrıları ciddiyə almasa da, ağrılar sonradan sərtləşib: “Bu problemi Azərbaycanla görüşün 90-cı dəqiqəsində hiss etdim. Yosip Brekalo mənə ötürmə verəndə rəqib sürüşərək topu ələ keçirməyə çalışanda. dizimə dəydi. Azərbaycanla matçda aldığım zədəni ciddi qəbul etmədim. Ertəsi gün dizim şişdi. Həkimlə danışdım. O, şişin zərbələrdən yarandığını və Macarıstanla görüş öncəsi müalicəyə vaxt olmadığını bildirdi. Azərbaycanla matçın ertəsi bərpa prosesi keçdik. Ağrılar olsa da, önəm vermirdim. Hətta Macarıstanla səfər oyununda da iştirak etdim. Oynaya bilməyəcəyim barədə fikirləşmirdim. Yalnız Macarıstanla görüşdən bir neçə gün keçəndən sonrakı müayinələr meniskdə xəsarət aldığımı göstərdi”.
Qeyd edək ki, L.Kaliniçin zədələndiyi görüşdə Azərbaycan yığması 1:2 hesabı ilə uduzub.