“Azərbaycan bizim üçün münasib olmayan rəqibdir. Əgər ilk dəqiqələrdən öz oyunumuzu göstərməsək belə də olacaq”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının kapitanı Luka Modriç deyib.
Ötən il dünyanın ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransında iştirak edib. L.Modriç qarşılaşma haqda fikirlərini açıqlayıb: “Rəqibin var qüvvəsi ilə döyüşəcəyini gözləyirəm. Biz əsl Xorvatiya yığması kimi oynamasaq, onlar bizə problemlər yaradacaqlar. Lakin seçmə mərhələyə doğma azarkeşlər önündə qələbəylə başlamağımızın tərəfdarıyam”.
L.Modriç oyuna necə kökləndiklərini də açıqlayıb: “Yeni tsiklin startına motivasiya olmaq çətin deyil. Çünki millidəki hər qarşılaşma bizim üçün əlavə motivasiyadır. Burada da rəqibin fərqi yoxdur. Seçmə oyunlarda bu köklənmə daha yüksək olmur. Düzgün oynayıb azarkeşlərimizi sevindirmək istəyirik”.