• İDMAN

    10:09 9 may 2019

Lukas Moura: "Bu, karyeramda və həyatımda ən xoş andır"

"Nə hiss etdiyimi izah etmək mümkün deyil. Mən çox, çox xoşbəxtəm və komanda yoldaşlarımla qürur duyuram".

ONA-nın məlumatına görə, bunu "Tottenhem"in futbolçusu Lukas Moura deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la oyununun qəhrəmanı qələbəni şərh edib. Hollandiya təmsilçisi ilə görüşdə 0:2 hesabı ilə geridə olmalarına baxmayaraq, het-triklə komandasını finala daşıyan 27 yaşlı braziliyalı bildirib ki, həmişə bu məqamın reallığına, mümkün olmasına inanırlarmış: "Bütün gücümüzü ortaya qoyduq və layiqli qələbə qazandıq. Biz ailəyik. Bunu ifadə etmək qeyri-mümkündür. Futbol bizə təsəvvür edə bilmədiyimiz anlar bəxş edir. Ondan zövq almaq lazımdır. Mənə baxın - bu, karyeramda və həyatımda ən xoş andır".

O, "Tottenhem"də yaşadıqlarının inanılmaz olduğunu da deyib: "Həmişə komanda yoldaşlarıma inanırdım. Bəzi əsas futbolçularımızın olmaması fonunda da oyun keyfiyyətimizi itirmirik. Bu bizim komandamız, ailəmizdir. "Ayaks"la oyundakı kimi, hər matçda belə mübarizə aparmalıyıq. Komanda yoldaşlarımın hamısına təşəkkür edirəm. Çünki "Tottenhem"lə yaşadıqlarım inanılmazdır".

Qeyd edək ki, "Tottenhem" "Ayaks"a evdə 0:1 hesabı ilə uduzsa da, səfərdə 3:2 hesabı ilə qalib gəlib və finalda iştirak hüququ qazanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR