Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının heyətində dəyişiklik olub.
ONA-nın məlumatına görə, baş məşqçi Marko Rossi Attila Fiolanı heyətdən çıxarmağa qərar verib.
İyunun 8-də Bakıda millimizə qarşı keçiriləcək oyuna hazırlıqların ilkin mərhələsinə qatılan 29 yaşlı sağ cinah müdafiəçisi təlim-məşq toplanışının ikinci hissəsinə qatılmayıb. Buna səbəb futbolçunun hazırlıq səviyyəsidir.
Belə ki, “Videaton”un üzvü uzunmüddətli zədədən qayıtsa da, durumu baş məşqçini qane etmir. Bunu M.Rossinin özü açıqlayıb: “Biz futbolçunun özü ilə durumunu müzakirə etdik. O, komandamıza kömək edə bilməyəcəyi barədə fikirlərimlə razılaşdı. Biz Azərbaycan və Uelslə görüşlərə hazırlığı onsuz davam etdirəcəyik”.
Qeyd edək ki, iyunun 8-də baş tutacaq Azərbaycan – Macarıstan görüşü “Bakcell Arena”da keçiriləcək.