“Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə belə anlar oldu. Amma ikinci yarını daha yaxşı keçirdik”.
APA-nın məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsinin III turunda Azərbaycan millisi üzərində 3:1 hesablı qələbəsindən sonra keçirdiyi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, ikinci hissədə daha çox qol imkanları yaradıb və dəyərləndiriblər: "Bundan sonra da çoxlu qol şanslarımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa başladıq və növbəti matç barədə fikirlər yarandı”.
O, matçda texniki zonadan uzaqlaşdırılmasına da aydınlıq gətirib: "Oyun ərzində texniki zonanı iki dəfə istəmədən keçmişəm. Həmin epizodda aut bizim lehimizə verilməli idi. Futbol elə oyundur ki, hər an hər şey baş verə bilər. Hakimlər də başa düşməlidirlər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundur".
M. Rossi Azərbaycan millisinin oyuna yaxşı kökləndiyini də deyib: "Azərbaycanlı futbolçular hər top uğrunda döyüşürdülər. İlk hissədə təkbətək mübarizədə üstün idilər. Eddi İsrafilovsuz 4-2-3-1-lə, Dmitri Nazarovla oynayacaqlarını düşünürdüm. Nazarov və Mahir Emireli ilə təhlükəli olacaqlarını gözləyirdim. Həmin cinahdakı müdafiəçimiz yaxşı oynadı. Azərbaycan millisi məni təəccübləndirmədi".