İngiltərə Premyer Liqasının XXXVII turunun “Mançester Siti” – “Lester” oyununda hər iki komanda rekorda imza atıb.
ONA-nın məlumatına görə, meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək 129 illik rekordu təkrarlayıb.
Belə ki, Pep Qvardiolanın yetirmələri Premyer Liqada çıxış edən bütün rəqiblərinə qalib gəlməyi bacarıb. 19 komandanın hərəsini ən azı 1 dəfə məğlub edən “Mançester Siti” ardıcıl ikinci mövsümdə belə nailiyyətə imza atıb.
Belə nəticəyə imza atan sonuncu komanda “Preston” olub. Bu klubun 129 il əvvəl qeydə alınan rekordu 1888/89 və 1889/90 mövsümlərini əhatə edir.
“Lester” isə cari mövsüm “Etihad”da ən gec qol buraxan komanda ünvanına yiyələnib. Belə ki, “Mançester Siti” Premyer Liqadakı ev oyunlarında bütün rəqiblərini ilk 60 dəqiqədə qola “qonaq etmişdi”. 70-ci dəqiqəyədək meydan sahiblərinin hücumlarına tab gətirən “Lester”ə qədər rekord “Vest Hem”ə məxsus idi. Sonuncular “Mançester Siti” ilə səfər görüşündə 59-cu dəqiqəyədək qapısını toxunulmaz saxlaya bilib.