İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasının tarixinə düşüb. ONA-nın məlumatına görə, Ole-Qunnar Sulşerin yetirmələri evdəki 0:2 hesablı məğlubiyyətdən sonra mərhələ keçməyi bacaran ilk komanda olub.
Mançesterlilər bunadək heç bir komandanın bacarmadığı geridönüşə 1/8 final mərhələsində imza atıblar. Ötən həftə “Old Trafford”da PSJ-yə 0:2 hesabı ilə uduzan İngiltərə klubu Fransada lazım olan nəticəni gerçəkləşdirib.
“Park de Prens” stadionundakı qarşılaşmanın 90+4-cü dəqiqəsində Markus Reşfordun penaltidən vurduğu qolla hesabı 3:1-ə çatdıran qonaqlar 1/4 finala yüksəliblər.
Qeyd edək ki, “Mançester Yunayted”in digər iki qoluna Romelu Lukaku imza atıb. Belçikalı 2-ci dəqiqədə hesabı açıb, 30-cu dəqiqədə isə komandasını yenidən önə çıxarıb. Fransalıların yeganə qoluna isə 12-ci dəqiqədə Xuan Bernat vurub.