İngiltərənin “Mançester Yunayted” klubunda yenidən böhran hökm sürür.
ONA-nın məlumatına görə, “qırmızı şeytanlar”ın düşərgəsindəki ab-hava kritik həddə çatıb.
Premyer Liqanın XXXV turunun “Everton”la səfər oyununda qeydə alınan 0:4 hesablı məğlubiyyətdən sonra soyunub-geyinmə otağında yaşananlar klub daxilindən çıxaraq KİV-ə sızıb. Biabırçı darmadağını həzm edə bilməyən mançesterli futbolçular bir-birilə söz atışmasına çıxıblar. Məğlubiyyətin günahını komanda yoldaşlarında axtaran oyunçular qarşılıqlı ittihamlara keçiblər.
Baş məşqçi Ole-Qunnar Sulşer də futbolçuları yarım saat soyunub-geyinmə otağında saxlayıb. O, bu müddət boyu yetirmələrinə iradlarını sərt şəkildə bildirib.
Böyük Britaniya mətbuatı klubdakı ab-havanın istefaya göndərilən Joze Mourinyonun dövründəki qədər acınacaqlı olduğunu iddia edir. Hətta məşqçilər korpusunda yer alan çalışdırıcılar norveçli mütəxəssisin də istefaya göndərilə biləcəyindən ehtiyatlanır.
Qeyd edək ki, “Mançester Yunayted” 34 oyundan 64 xalla Premyer Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.