• İDMAN

    16:13 5 aprel 2019

Maqnus Karlsen Şəmkirdə məcburi köçkün olan 5 məktəbli ilə "Sülh naminə" şahmat oynayıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda sülh naminə şahmat oyunu keçirilib.

ONA-nın qərb bürosunun xəbərinə görə, yarışdan əvvəl icma nümayəndələri Şəmkirdə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində yarışa start verilib. Nəzrin Məhərrəmova (Xocalı), Fidan Tahirova, Abbas Tahirov (Xocavənd), İsmayıl Əlizadə və Rəvan Sadıqzadə (Şuşa) Maqnus Karlsenlə şahmat oynayıblar.

Yarış çərçivəsində icmanın idarə heyətinin rəhbərliyi Maqnus Karlsenə Dağlıq Qarabağda vaxtilə fəaliyyət göstərmiş şahmat məktəbləri haqqında məlumat verib. Bildirilib ki, Kəlbəcərdə, Şuşada və digər işğal olunmuş ərazilərimizdə olan şahmat məktəbləri ermənilər tərəfindən yerlə-yeksan edilib. Həmin məktəblərin işğaldan əvvəl və işğaldan sonrakı fotoları dünya çempionuna təqdim edilib. Norveçli qrossmeyster fotoları təəssüf hissi ilə nəzərdən keçirib.

Dağlıq Qarabağ azərbaycanlılarının köçkünlük həyatı yaşasa da, şahmat ənənələrini qoruduqlarını vurğulayan icma rəhbərliyi yaxın vaxtlarda münaqişənin ədalətli həll olunacağına və bu cür mötəbər yarışların Dağlıq Qarabağda da keçiriləcəyinə ümidvar olduqlarını qeyd edib.

Qarşılaşmadan sonra ONA-ya təəssüratlarını bölüşən Fidan Tahirova Maqnus Karlsenə sonuncu üç gedişdə uduzduğunu bildirib: “Arzu edirəm bütün torpaqlarımız işğaldan azad olsun və belə böyük şahmat turniri də orda keçirilsin. Dünyanın bütün məşhur şahmatçıları həmin yerdə olsun”.

İsmayıl Əlizadə isə Maqnus Karlsenə 23 gedişdə məğlub olub: “Arzu edirəm ki, Maqnus Karlsenlə Şuşada şahmat oynayım”.

Nəzrin Məhərrəmova da norveçli qrossmeysterə uduzsa da, bu oyundan böyük təcrübə qazanıb: “Həm də çox gözəl hisslər keçirdim”.

Fuad Hüseynov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR