İngiltərənin "Çelsi" klubunu baş məşqçisi Maurisio Sarri Bakıda mətbuat konfransı keçirib.
ONA-nın məlumatına görə, təcrübəli mütəxəssis sabah paytaxtımızda Avropa Liqasının finalında "Arsenal"la oyun öncəsi fikirlərini açıqlayıb, həlledici matç barədə danışıb.
- Komandada vəziyyət necədir? Zədəliniz var?
- Kiçik bir problem idi. Əsas məsələ vaxt azlığıdır. Nqolo Kantenin dizində problem var idi. Əslində bu o qədər də ciddi zədə deyil. 3-4 gün ərzində o tam hazır ola bilərdi. Sabah da çalışacağıq ki. Meydana çıxsın, amma bu dəqiqə nəsə deyə bilmərik.
- Şansları necə dəyərləndirərdiniz?
- Dünən bəlkə 60/40 olardı, amma bu gün 50/50-dir.
- Kante sabaha sağalmasa, işiniz necə olacaq?
- Yarımmüdafiədə bizimlə 3 oyunçu var. Nqolo bizim üçün olduqca vacib oyunçudur. Müdafiəmeyilli yeganə oyunçu odur. Əlimizdən gələni edirik ki, onu bərpa edək. Ümid edirəm ki, o yetişəcək. Çünki onun olmaması bizim üçün problemdir.
- İtaliyada deyirlər ki, bu sizin "Çelsi" ilə sonuncu oyununuzdur...
- Biz əvvəlcə final barəsində düşünməliyik. Əslində isə müqaviləmiz 3 illikdir.
- Mövsümün əvvəlində demişdiniz ki, yayda klub hara getsə, mən də ora gedəcəm...
- Fikrimi məndən yaxşı bilirsiniz. Bu gün ancaq final haqqında danışsaq, yaxşı olar.
- Sabahkı oyun "Çelsi" üçün nə qədər vacibdir?
- ÇL-ə vəsiqədən çox daha önəmlidir. Biz artıq bu işin öhdəsindən gəlmişik. Sabah isə Avroliqanın finalında oynayırıq. Sabah qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq.
- Azarkeşlərlə bağlı məsələlər var idi. Siz bu barəsində nə deyə bilərsiniz?
- Bununla bağlı mən nəsə deyə bilmərəm. Bununla bağlı UEFA-ya müraciət etməlisiniz. Biz isə məyusuq. Ümid edirəm ki, azarkeşlərimiz burda olacaqlar. Olmasa da, çalışacağıq ki, onlar üçün qələbə qazanaq.
- Bu, sizin üçün həyatınızın ən böyük anlarından biridirmi?
- Bilmirəm. Çünki, məşqçinin keçirdiyi hisslər və jurnalistin hissləri fərqlidir. KİV üçün bu oyun həyatımın ən böyük anı üçün qeydə alına bilər. Bu barədə sabah daha dəqiq danışa bilərəm.
- Məşqçi üçün Eden Azar kimi oyunçu ilə işləmək necə hissdir?
- Eden Azarın matç zamanı meydanda olmağı böyük üstünlükdür, həm də problemdir. Amma o üzərində bir qədər daha çox çalışmalıdır ki, Avropanın ən böyük oyunçusu ola bilər. Problem isə ondan ibarətdir ki, o çox istedadlıdır. Bəzən məşqdə hər şey onun üçün o qədər asan olur ki, bizə çətin olur.
- Jiru “Arsenal”da da uzun müddət oynamış futbolçudur. Bu mövsüm isə yaxşı formadadır. Sabah o sizin üçün nə qədər önəmli olacaq?
- Jirunun olmaması bizim üçün böyük problem ola bilərdi. Amma hələ qərar verməmişəm. Sabah daha dəqiq qərar verə bilərəm.
- “Çelsi”də ilk mövsümünüzdə 3-cü yeri tutdunuz. Siz bu komandadan ayrılsanız, özünüzü xoşbəxt hesab edəcəksiniz?
- Mövsümün əvvəli mənim üçün çox çətin idi. Çünki oyunçularımla dil tapmaqda çətinlik çəkirdim. Fevraldan sonra isə onlar çox dəyişdilər, bəlkə də mən dəyişdim. Amma hazırda 20-22 çox sevdiyim oyunçum var və gələcək qərarlarımda bunları nəzərə almalı olacam. Həm də mən Premyer Liqa futbolunu çox sevirəm.