Qana milli komandasının və İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Maykl Essyenin “Səbail”lə müqaviləsinin detalları müəyyənləşib.
ONA-nın Qana mətbuatına istinadən məlumatına görə, Bakı klubu danışıqlar üçün Azərbaycana gələn 37 yaşlı yarımmüdafiəçi ilə 15 aylıq müqavilə barədə razılıq əldə edib.
Onun anlaşması 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Sonuncu klubu İndoneziya təmsilçisi “Persila Bandunqa” olan Essyen “Səbail”də oynayan məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, veteran futbolçu Premyer Liqa təmsilçisinin əsas komandasında oynamaqla kifayətlənməyəcək. O, həm də U-19 komandasında məşqçi kimi çalışacaq.
Qeyd edək ki, Essyen İndineziyadan ayrıldıqdan sonra “Çelsi”nin U-19 komandasında məşqçi kimi fəaliyyət göstərib.