İtaliyanın “Milan” klubunun Çempionlar Liqasının qalibi olduğu 1994-cü ildə kuryoz hadisə yaşandığı üzə çıxıb.
ONA-nın məlumatına görə, bunu apenninlilərin sabiq vitse-prezidenti Adriano Qalliani açıqlayıb.
O bildirib ki, 25 il əvvəl Yunanıstanın paytaxtı Afinada qazanılan kuboku zibil qabından çıxarıblar: “Afinada baş məşqçimiz Fabio Kapello ilə gecəyədək oturub şərab şüşələri boşaldarkən kuboku unutmuşduq. Artıq liftin yanında olarkən mükafatı zibil qabında gördük. Yəqin ki, xadimə onu ora qoyubmuş. Kuboku geriyə qaytardıq və onu yatağıma qoydum. Növbəti günün səhəri həyat yoldaşıma dedim ki, həyatımın ən sehrli yuxusunu görmüşəm”.
Qeyd edək ki, Çempionlar Liqasının 1993/94 mövsümünün Afinadakı final oyununda “Milan” İspaniya təmsilçisi “Barselona”nı darmadağın edib – 4:0.