Milli Paralimpiya Komitəsi (MPK) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında anlaşma memorandum imzalanıb. ONA-nın məlumatına görə, sənədi MPK prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Carvardin imzalayıblar.
Əməkdaşlığın məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının daha da inkişaf etməsi və bununla da idmanın gücündən istifadə etməklə sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin reabilitasiyası, sağlam inkişafı və cəmiyyətə sosial inteqrasiyasına töhfə verməkdir.
Əməkdaşlıq, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların və yeniyetmələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası, öz potensiallarına tam çatmaları üçün imkanlarının genişləndirilməsi, idman uğurları əldə etmək imkanı verilməsi, yaşadıqları icmaların həvəsləndirilməsi, pozitiv münasibət göstərmək məqsədi ilə yerli icmalarda davamlı sosial dəyişikliklər əldə olunmasına töhfə verməyi əhatə edir.
Əməkdaşlığa əsasən, bundan sonra uşaq paralimpiya hərəkatı tək paytaxt Bakını deyil, eyni zamanda regionları da əhatə edəcək.