Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov parataekvando komandasını qəbul edib. MPK-dan ONA-ya verilən məlumata görə, görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, idman şöbəsinin müdiri Rauf Mürsəlov və komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.
MPK prezidenti təmsilçilərimizin Misirdə keçirilən Afrika açıq çempionatındakı uğurlu çıxışını yüksək qiymətləndirib. Əsas hədəfin Tokio-2020 XVI Yay Paralimpiya Oyunları olduğunu qeyd edib. O, bu mötəbər yarışda parataekvondoçularımızın medal qazanacağına ümid etdiyini bildirib.
Komandanın baş məşqçisi Fərid Tağızadə hazırlıq prosesi, qarşıda komandanı gözləyən yarışlar və digər məsələlər barədə məlumat verib.
Daha sonra parataekvondoçular da çıxış edərək, göstərilən dəstəyə görə MPK prezidentinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, parataekvando komandası fevralın 18-21-də Misirdə keçirilən Afrika açıq çempionatında iştirak edib. Yarışda dünyanın 28 ölkəsindən idmançılar iştirak ediblər. Parataekvando yığmamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Komanda yarışlarında isə millimiz 3-cü yerə layiq görülüb.