• İDMAN

    16:23 24 mart 2019

Millimizin baş məşqçisi: "Biz onlarla müqayisədə fərqli dünyadayıq"

"Xorvatiya ilə qarşılaşmadan bir neçə gün keçdikdən sonra futbolçuların performansını soyuq başla təhlil etmək olar. Oradan lazımı nəticə ilə qayıtmaq şansımız var idi".

ONA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız sabah yoxlama matçında Litva ilə gücünü sınayacaq.

Xorvatiyalı mütəxəssis ilk ev oyunu öncəsi keçirilən mətbuat konfransında bildirib ki, hər bir oyun komandası üçün çox vacibdir: "Hadisələrə pozitiv baxıram. Əhvalımız bir az korlanıb. Xorvatiyada sensasiyadan bizi 10 dəqiqə ayırdı. Amma uşaqların çıxışından məmnun qaldım. Yoldaşlıq görüşü olsa da, Litva ilə matç bizim üçün vacibdir. Pozitiv performansdan sonra pozitiv nəticəyə də ehtiyacımız var ki, müsbət məcrada işlərimiz davam etsin. Komanda daxilində ab-hava yüksəkdir. Uğurlu nəticə Macarıstan və Slovakiya ilə görüşlər öncəsi yaxşı olar. Hamı oynamaq istəyir. Yaxşı nəticə ilə bərabər ilk görüşdəkindən fərqli heyətlə çıxış etməyə çalışacağıq".

O bildirib ki, Xorvatiya ilə müqayisədə Litva ilə qarşılaşmada bir sıra dəyişikliklər olacaq: "Dəyişikliklərin olması normal haldır. Bu o demək deyil ki, kimdənsə narazı qalmışam. Sadəcə, daha gümrah oyunçulara da şans vermək lazımdır ki, onların da nəyə qadir olduqlarını görək. Xorvatiya ilə ağır oyundan sonra ağır məşqlər keçə bilməzdik. Bütün uşaqlar oynamağa hazırdır. Amma bunun nə dərəcədə olacağı və hansı taktika ilə meydana çıxacağımızı son məşqin ardından müəyyənləşdirəcəyik. Ola bilsin ki, iki vingerlə və ya iki mərkəz hücumçusu ilə oynadıq. Hələ məlum deyil. Ramil Şeydayev mərkəzdə və ya pleymeyker mövqeyində çıxış edə bilər. Bunlar rəqibdən asılıdır. Əvvəllər də bir çox oyunçular həm cinahda, həm mərkəzdə oynayıblar. Məsələn, Mandzukiç belə oynayıb".

N. Yurçeviçin sözlərinə görə, Litva ilə görüşdə yığmamız hücum futbolu nümayiş etdirəcək: "Razılaşaq ki, Litva Xorvatiya deyil. İstənilən halda, kompaktlıq bizim üçün vacibdir. Hücum oyunu rəqibdən də asılı olur. Çalışacağıq ki, top bizdə daha çox olsun. Mənim üçün də vacibdir ki, Xorvatiyadan sonra Litvaya qarşı oyunda da futbolçularımı tanıyım".

N. Yurçeviç bildirib ki, hər şeyin müqabilində gərək realist olasan: "Son rəqibimiz dünya çempionatının ikincisidir. Biz onlarla müqayisədə fərqli dünyadayıq. Bunu FİFA reytinqində görmək olar. Vəziyyətin belə olması bizi optimist olmağa sövq edir. Litva da yaxşı komandadır, amma Xorvatiya deyil. Komandama indiyə qədərki çıxışına görə yalnız kompliment deyə bilərəm. Amma növbəti oyunda da hər şey baş verə bilər. Yaydakı rəsmi oyunlar öncəsi qələbə qazanıb özünəinamı artırmaq istəyirik".

Foto - Ehtiram Cəbiyev

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR