Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Mirça Luçeskunun postundan ayrılmasının səbəbləri müəyyənləşib. ONA xəbər verir ki, buna rumıniyalı mütəxəssisin özü aydınlıq gətirib.
O, İtaliya mətbuatına verdiyi müsahibəsində “ay-ulduzlular”la müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb. Luçesku Türkiyə Futbol Federasiyası rəhbərliyi ilə görüşünün təfərrüatlarını da gizlətməyib: “Nə məni işdən çıxarıblar, nə də mən istefa vermişəm. AVRO-2020-nin seçmə mərhələsi ərəfəsində planlaşdırma lazım idi. Mən də federasiyaya dedim ki, ya müqaviləmi 2 illik uzadın, ya da yerimə başqa mütəxəssis tapın”.
Luçesku Türkiyə Superliqasında legioner limitinin olmamsından narazılığını, amma bunun da işinə əngəl törədə bilmədiyini də qeyd edib: “Legioner sayının sərbəst olduğu ölkədə millidəki orta yaş həddini 30-dan 23-ə endirdim. Aşağı liqalardan oyunçu götürmək məcburiyyətində qaldım. Hərçənd onların çoxu yüksək səviyyəyə qalxmaq potensialına malik deyildi. Gələcəyin yığması qurulmaq istənilirsə, yerli futbolçulara üstünlük verilməlidir. “Benfika” ilə görüşdə “Qalatasaray”ın “11-liy”i legionerlərdən ibarət idi”.
Millinin sabiq çalışdırıcısı Türkiyədə perspektivli gənclərin olduğunu da vurğulayıb: “Sassuolo”nun heyətinə qatdığı Merih Dəmirəl 20 yaşında A seriyasına transfer olundu. “Ştutqart”a keçən Ozan Kabak, “Bursaspor”da oynayan Burak Kapacak da belə nümunələrdəndir. Gələcəkdə Türkiyənin müdafiə xəttində bu oyunçular yer alacaqlar. “Trabzonspor”dan Yusuf və Abdulkadir istedadlı yarımmüdafiəçilərdir. İndiki nəsil potensiallı və səviyyəlidir. Amma legioner limiti tətbiq edilməlidir ki, onlar komandalarında yer alsınlar”.
Luçesku gələcək karyerası barədə də fikirlərini açıqlayıb: “Yenidən klubda çalışmaq arzusundayam. Hər gün komandanın içində olmaq, “Breşia” və “Şaxtyor”dakı kimi gənc oyunçular yetişdirmək istəyirəm”.