• İDMAN

    17:03 12 aprel 2019

MOİK Topaz Premyer Liqasına vəsiqə qazanıb

Bakının MOİK klubu 2019/20 mövsümü üçün Topaz Premyer Liqasına vəsiqə qazanıb.

ONA-nın məlumatına görə, bu, I divizionun XXII turunda rəsmiləşib.

Aşağı liqanın lideri bu gün keçirilən matçda “Keşlə-2”ni məğlubiyyətə uğradıb – 2:1. Bununla da “hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb.

Çempionatın əsasnaməsinə görə, I divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

MOİK-in ən yaxın izləyiciləri isə ikinci komandalardır. Bunlar “Sumqayıt-2” və “Neftçi-2”dir ki, əvəzedicilər yüksək dəstəyə vəsiqə ala bilməz.

Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi “Zaqatala” idi. Bu oyunadək 4-cü sırada qərarlaşan komanda “Ağsu”nu 4:2 hesabı ilə yenib. Lakin MOİK-in qələbəsindən sonra iki komanda arasında xal fərqi 14-ə çatıb. Mövsümün sonuna 4 tur qaldığından zaqatalalılar Premyer Liqa şansını itiribsə, paytaxt təmsilçisi dəfələrlə yüksəldiyi elitaya yenidən vəsiqə qazanıb.

Lakin Azərbaycan çempionatlarında yaşanan xoşagəlməz ənənəyə görə Premyer Liqaya vəsiqə qazanmaq orada oynamaq hüququ vermir. Bu vəsiqəni qazanan MOİK hələ AFFA-nın lisenziyalaşdırma prosedurlarını uğurla keçməlidir. Əgər bu baş verməsə, aşağı sıralarda qərarlaşan klublardan biri elitaya yüksələ bilər.

Qeyd edək ki, birinci divizionda 14 komanda mübarizə aparır. Onlardan yeddisi Premyer Liqa təmsilçilərinin ikinci komandalarıdırsa, yeddisi müstəqil klubdur və elitaya vəsiqə də onlardan birinə nəsib olmalıydı.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR