Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməməsinə münasibət bildirib.
ONA-nın məlumatına görə, türkiyəli mütəxəssis bunu idmana zidd hərəkət sayıb.
N.Şensoy erməni futbolçunun mayın 29-da baş tutacaq qarşılaşmada “Çelsi” ilə görüşə gəlməməsini pisləyib: “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan Avropa Liqasının mayın 29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək final oyununa getməməyə qərar verib. Deməli, o, populyar futbolçu olmağı bacarıb, amma idmançı ola bilməyib”.
Təcrübəli mütəxəssis feysbuk səhifəsində H. Mxitaryanı belə qərar verməyə razı salanları da qınayıb: “Ya da Mxitaryanı belə bir qərar verməyə razı salanlar və doğru hesab edənlər Azərbaycan millətinin şairanə ruhunu və türk qonaqpərvərliyini hələ qavramayıblar. Üzülməkdən başqa nə edə bilərik?”
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 23:00-da başlayacaq.