• İDMAN

    12:44 29 mart 2019

Namiq Əliyev: “Avropa çempionatından çox yüksək nəticələr gözləyirik”

“Azərbaycan yığmasının Avropa çempionatı üçün elan olunan heyətində həm kifayət qədər təcrübəli, həm də gənc güləşçilər yer alıblar. Ümumilikdə isə sabit heyətimiz var”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.

Onun sözlərinə görə, güləş yığmalarımızın aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlığı davam edir. Sərbəst və yunan-Roma güləşçilərimiz Bakıda, qadınlar isə Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışı keçir.

Qitə birinciliyinə son hazırlıqlardan danışan N.Əliyev yarışla bağlı hədəfləri açıqlayıb: “Ümidvarıq ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Hər zaman olduğu kimi, yarışdan çox yüksək nəticələr gözləyirik. 10 ildən çoxdur ki, Azərbaycan dünya güləşində öz sözünü deyir. Bu yarışa bir az sınaq kimi baxırıq. Bizim üçün əsas Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək dünya çempionatıdır. Əsas hədəf kimi bir neçə idmançımızı qoruyuruq. Bu üzdən onları Avropa çempionatına buraxmadıq. Tokio Olimpiadasına lisenziya verən ilk yarış dünya çempionatı olacaq. Avropa üzrə sonuncu təsnifat yarışının ölkəmizdə keçirilməsi barədə danışıqlar aparırıq. Müəyyən nəticələr də əldə edilib. Hesab edirəm ki, bu yarış da Bakıda olacaq. Buna baxmayaraq, dünya çempionatı bizim üçün çox önəmlidir”.

N.Əliyev bir müddət yarışlardan kənar qalan Toğrul Əsgərovun məşqlərə start verməsi barədə də danışıb: “Toğrul Əsgərov artıq məşqlərə başlayıb. O, doğma şəhəri Gəncədə öz məşqçisinin rəhbərliyi altında hazırlıq keçir. Çox güman ki, dünya çempionatında onu da görəcəyik. Uzun müddət zədə səbəbindən məşq keçmədiyindən komandanın hazırlıqlarına qatılması düz olmazdı. Amma onun məşqlərə başlaması müsbət haldır. Yığma səfərdən döndükdən sonra komanda ilə hazırlıq keçəcək”.

Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də start veriləcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR