Milli Olimpiya Komitəsində (MOK) Şotlandiyanın Qlazqo şəhərində başa çatmış atletika üzrə qapalı məkanlarda keçirilən Avropa çempionatının qalibi Nazim Babayevlə görüş olub.
ONA-nın məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Firat Hüseynov, qurumun baş katibi Məhərrəm Sultanzadə və idmançının şəxsi məşqçisi Ziyad Xəlifəyev iştirak ediblər.
Tədbiri açıq elan edən Ç.Hüseynzadə bildirib ki, Nazim Azərbaycan xalqını sevindirib: "Tarixi nəticədir. Nazimlə baş nazirin müavini Yaqub Eyyubovla görüşdük. Bildirdi ki, gələcək uğurları üçün hər bir dəstək olacaq”.
6 yaşından N.Babayevin məşqçisi olan Z.Xəlifəyev uğura gedən yoldan danışıb. O bildirib ki, final çox gərgin keçib: “Olimpiya, dünya, Avropa çempionları vardı. Verdiyim tapşırıqları yerinə yetirdi. Qanunverici haldır ki, 30 minlik arenada bayrağımız dalğalandı. Nazim U-20, U-23-də uğur qazanmışdı, indi də burda. Qarşıda bizi universiada və dünya çempionatı gözləyir”.
Avropa çempionu özü də yarışa hazırlığın rolunu vurğulayıb: “Psixoloji cəhətdən özümü hazırlamışdım. Rəqiblərlə hamımız eyni hədəf üçün mübarizə aparırdıq. Bu səbəbdən məni gümüş medal belə qane etməyəcəkdi. İstəyim çempionluq idi və bunu bacardım. Artıq yalnız irəli baxmalıyam”.
M.Sultanzadə də N.Babayevin uğurunu yüksək qiymətləndirib. O bildirib ki, atletikada digər uğurlarımız olsa da, üçtəkanla bu yox idi: "Artıq bu növdə də Avropa çempionumuz var. Az öncə Balkan Oyunlarında da özünü yaxşı göstərdi. Bu səbəbdən ona böyük ümidimiz vardı. Sağ olsun, bunu bacardı. Yarışda yanımızda almanlar durmuşdu. Onlar buna inanmadı. Çempionatda 49 komanda arasında 1 qızılla 10-cu olduq”.
F.Hüseynov da qələbə üçün idmançını təbrik edib. Onun sözlərinə görə, bu uğur N.Babayevin gələcək perspektivindən xəbər verir.
Millinin baş məşqçisi Bəhruz Salehli bildirib ki, atlet yarışa yollanmazdan əvvəl qışda Avropa çempionu olacağına söz verib və bunu bacarıb: “Onun ayağında zədəsi vardı. Yarışa yollanmazdan əvvəl də dedi ki, hazıram və bacaracağam. Həmin vaxt yadına salmadıq ki, söz vermişdin. Amma bacardı. Onun gücü Olimpiada və dünya çempionatında da medal qazanmağa çatır”.
Nazim Babayev yeniyetmələr, gənclərin ardından böyüklərdə qazandığı uğurun səbəbini açıqlayıb: “İki ildir böyüklərin yarışında mübarizə aparıram. Artıq zaman yetişmişdi. Məşqçim də demişdi ki, 17,30 m nəticə göstərə bilərsən. Cəmi 1 sm az oldu. Amma sonda çempionluqla yekunlaşdı”.
Ç.Hüseynzadə qeyd edib ki, Ramil Quliyevlə bağlı söhbətlər həmişə təkrarlanır: “Baş nazirin müavini də bizlə görüşdə dedi ki, Ramillə də, atası ilə də o vaxt görüşmüşdüm. Lakin o, getdikdən sonra dedin ki, bizdə ondan yaxşı idmançı yetişəcək. Artıq o gün çatdı və Nazim öz sözünü dedi. Biz onu çətin şəraitdə yetişdirmişik. Qaçış zolaqlarımız yoxdur, manej lazımi səviyyədə deyil. Qarşıdakı günlərdə çalışıb, bunu həll edəcəyik. Atletika Azərbaycanda inkişafdadır. Sübut etdik ki, Azərbaycan atletika məktəbi var. Dünya və Avropa çempionları yetişdirə bilirik. O elə yaşdadır ki, 3 olimpiadada çıxış edə bilər”.
Avropa çempionu səhvləri üzərində işləyəcəyini, daha da yaxşı nəticə göstərəcəyini və Olimpiadada medal qazanmağa çalışacağına inam ifadə edib: “Portuqaliyalı rəqibi Nelson Evora Olimpiya çempionu olanda mən ona televizordan baxırdım. Məqsədim də Olimpiadaya 1 il öncədən lisenziya qazanmaqdır”.
Ç.Hüseynzadə Tokioda keçiriləcək Olimpiada ilə bağlı planlarından da danışıb. O, Yaponiyada tək N.Babayevə, yoxsa legionerlərə də ehtiyac olacağı ilə bağlı suala cavab verib. Vitse-prezidentin sözlərinə görə, əcnəblərin gəlişi idmançının inkişafına hesablanır: “Hətta biz Aleksis Kopellonu gətirəndə, deyirdilər Nazim var. Onun gəlişi Babayevi də qıcıqlandırdı. Biz onları İslam oyunlarına bir buraxdıq və Nazim legioneri qabaqladı”.
Qeyd edək ki, N.Babayev qalibi olduğu Avropa çempionatının final mərhələsində 17,29 m nəticə göstərməklə şəxsi rekordunu da yeniləyib.