• İDMAN

    13:04 5 mart 2019

Nazir: “Gəncədəki Kəpəz stadionu bu il təmir olunacaq”

Gəncədəki Kəpəz stadionu bu il təmir olunacaq.

ONA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazır qeyd edib ki, stadionun əsaslı təmirə ehtiyacı var.

Qeyd edək ki, Gəncədə 5 mart - Beynəlxalq idman və bədən tərbiyəsi günü münasibətilə tədbir və “Gəncə - Avropanın İdman Şəhəri - 2019” layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak edir. Tədbirdə Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən, həmçinin xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış “Karvan” filminin təqdimatı olacaq.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib.

Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR