Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb. Gənclər və İdman Nazirliyindən ONA-ya verilən məlumata görə, nazir müavini bütün rəqiblərinə qalib gələrək, 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. Gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.
Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.
Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.
Görüşdən sonra gənc idmançıya mükafat və diplom təqdim olunub.