“Neftçi” - “Bney Yehuda” oyunu heç-heçə başa çatıb
  • İDMAN

  • 23:26 08 Avqust 2019

“Neftçi” - “Bney Yehuda” oyunu heç-heçə başa çatıb

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları davam edir.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti sınağına çıxıb.

Ölkəmizin ən titullu klubu İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb. Bakı təmsilçisi ilk görüşü evdə keçirib. 

Əvvəlki iki mərhələdə Moldovanın “Speranta” (3:0, 6:0) və Rusiyanın “Arsenal” (1:0, 3:0) klublarını quru hesablı məğlubiyyətlərə uğradan Roberto Bordinin yetirmələri Azərbaycan futbol tarixinə mütləq rekordçu kimi düşməyə çalışsalar da, bunu bacarmayıblar. Həm ardıcıl qələbə, həm də quru oyunlar sayında ölkə rekordunu təkrarlayan “ağ-qaralar”ı "5"ə çatmağa israillilər imkan verməyiblər.

Belə ki, matç gözlənilənlərin əksinə olaraq, "Bney Yehuda"nın üstünlüyü ilə başlayıb. Onlar bunun nəticəsi olaraq, 26-cı dəqiqədə hesabı açıblar. Tambi Saqas bu mövsüm qapısında qol görməyən "Neftçi"ni mərkəzə dəvət edib. Bundan 10 dəqiqə sonra qonaqlar daha bir dəfə fərqləniblər. Bu dəfə Mohammed Qadir Bakı təmsilçisinin müdafiəsindəki boşluqdan məharətlə yararlanıb - 2:0. 

Bu qoldan sonra "Neftçi" hücumlarının kəsərini artırıb və 43-cü dəqiqədə Stiven Jozef-Monroz fərqi azaldıb. 

İkinci hissə isə bakılıların aşkar üstünlüyü ilə keçib. Lakin rəqibin tam heyətlə müdafiədə "oturması" komandamızın işini çətinə salıb. buna baxmayaraq, Namik Ələskərov əlavə edilmiş dəqiqələrdə status-kvonu bərpa edib. 

Beləliklə, görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu isə avqustun 15-də olacaq. 
 

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
21:00. "Neftçi" – "Bney Yehuda" (İsrail) - 2:2
QOLLAR: 
Jozef-Monroz, 43, Ələskərov 90+7 - Saqas, 26, Qadir, 36
Baş hakim: Kərim Abed (Fransa) 
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namik Ələskərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36.Mamadu Kane
Baş məşqçi: Roberto Bordin
“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Dan Mori (K), 5. Daniel Felczer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi 
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Ben Şimon, 74. Şimşon Şemor Tsaadon
Baş məşqçi: Yossi Abukassis
Bakı. “Bakcell Arena” stadionu

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR