• İDMAN

    10:24 29 mart 2019

“Neftçi” ilə “Qarabağ” bu tur mükafat və avrokuboklara vəsiqəni təmin edə bilər

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk mükafatçıları sabah start götürəcək XXII turda müəyyənləşə bilər.

ONA-nın məlumatına görə, çempionatın liderləri “Neftçi” və “Qarabağ” ilk “üçlük”dəki yerlərini, bununla da avrokuboklara vəsiqəni IV dövrənin startında təmin etmək imkanına malikdir.

Buna səbəb liderlərin izləyiciləri ilə xal fərqinin böyük olmasıdır. Hərəyə 45 xal toplayan çempionatın iki ən köklü klubunun bu istəyini rəsmiləşdirməsi üçün digər görüşlərin də nəticələri önəmlidir.

Liderləri keçmək üçün yalnız iki komanda – “Qəbələ” və “Səbail”in nəzəri şansları qalmaqdadır. Sonuncuların 31, əyalət təmsilçisinin 29 xalı var. Çempionluqları möcüzəyə bənzəyən bu iki komandanın büdrəməsi isə zirvəyə şərik olanların işinə yarayır.

İlk oyun günündə - martın 30-da “Keşlə”nin qonağı olacaq “Neftçi” həm özü qalib gəlməli, həm də həmin gün baş tutacaq “Zirə” – “Səbail” və ya aprelin 1-dəki “Qəbələ” – “Sabah” matçından sərfəli nəticə gözləməlidir. Elə gələn ayın ilk günündə “Sumqayıt”ın qonağı olacaq “Qarabağ” da eyni durumdadır. Ağdamlılar qələbəylə digər iki qarşılaşmada münasib hesab gözləmək məcburiyyətindədir. Əks halda isə avrokubok vəsiqəsi və mükafatın təmin olunması ən azı bir turluq təxirə düşəcək.

“Neftçi” mükafat və avrokuboka vəsiqəni aşağıdakı nəticələrlə təmin edir:
1. “Neftçi” “Keşlə”yə qalib gəlir, “Qəbələ” “Sabah”a uduzur.
2. “Neftçi” “Keşlə”yə qalib gəlir, “Səbail” “Zirə”yə uduzur.
3. “Neftçi” “Keşlə”yə qalib gəlir, “Səbail” “Zirə”ylə heç-heçə edir.

“Qarabağ” mükafat və avrokuboka vəsiqəni aşağıdakı nəticələrlə təmin edir:
1. “Qarabağ” “Sumqayıt”a qalib gəlir, “Qəbələ” “Sabah”a uduzur.
2. “Qarabağ” “Sumqayıt”a qalib gəlir, “Qəbələ” “Sabah”la heç-heçə edir.
3. “Qarabağ” “Sumqayıt”a qalib gəlir, “Səbail” “Zirə”yə uduzur.
4. “Qarabağ” “Sumqayıt”a qalib gəlir, “Səbail” “Zirə”ylə heç-heçə edir.

Siyahıdan göründüyü kimi, ilk oyun günündə meydana çıxdığı üçün “Neftçi” avrokuboka yüksələn birinci (yeniyetmələrin oynadığı Gənclər Liqası istisna olmaqla) komanda ola bilər. Çünki “ağ-qaralar” da, onların büdrəməsini gözlədiyi “Səbail” də həmin gün meydana çıxacaq.

İki gün sonra mükafatla vəsiqə qazana biləcək “Qarabağ”ın isə şansı daha çoxdur. “Neftçi”dən fərqli, ağdamlıları “Qəbələ”nin heç-heçəsi də qane edir. Bu da şəxsi oyunlarla bağlıdır.

Düzdür, liderlərə sərf edən nəticələrin siyahısına baxarkən “üçlük”dəki yerin təmin olunması inandırıcı görünməyə də bilər. Amma nəzərə almalıyıq ki, “Səbail” və “Qəbələ”nin öz aralarındakı oyunda rəqiblərdən ən azı biri xal itirəcək.

Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümə mayın 11-də yekun vurulacaq.

Vüqar Xeyrullayev

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR