Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in püşkatma zamanı yer alacağı səbət müəyyənləşib.
ONA-nın məlumatına görə, reytinqi 3,800-ə bərabər olan hər iki komandamız püşk zamanı səpələnmişlər səbətində yer alacaq.
Bakı klubları I təsnifat mərhələsində iştirakı dəqiqləşən 50 komanda arasındadır. Bunlardan 24-nün səpələnmiş, 22-nin səpələnməmiş olduğu da müəyyənləşib. Digər 4 klubun səbəti isə hələ dəqiqləşməyib. Ümumilikdə, bu raundda 94 klub mübarizə aparacaq.
Azərbaycanın Avropa Liqasındakı üçüncü təmsilçisi II təsnifat mərhələsindən yarışa qatılacaq. Bu, “Qəbələ” və “Sumqayıt” arasında Azərbaycan kubokunun final matçının qalibi olacaq.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
Səpələnmişlər: “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Molde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), “Jalgiris” (Litva), “Reyncers” (Şotlandiya), “Kayrat” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Tobol”, “Ordabası” (hər ikisi Qazaxıstan), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya)
Səpələnməmişlər: “Dunayska Ştreda” (Slovakiya), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), B-36 (Farer adaları), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Qzira”, “Hibernian” (hər ikisi Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva)
Qeyri-müəyyənlər: “Dinamo” (Gürcüstan), “Jelezniçar” (Bosniya və Herseqovina), “Trakai” (Litva), “Levadiya” (Estoniya).