• İDMAN

    13:04 25 fevral 2019

Nigar Arpadarai: “Əsas yollar Qran-pri həftəsində məhdudlaşdırılacaq”

“Azərbaycan Qran-prisinə hazırlıq normal gedir. Tikinti işlərimiz davam edir. Artıq Pit binasının əsas strukturu hazırdır, içərisində olan işlər aparılır. Digər tərəfdən təhlükəsizlik baryerləri qurulur”. Bunu ONA-ya “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Bakı aprelin 26-28-də dördüncü dəfə “Formula-1” üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edəcək. Yarışa hazırlıqla bağlı danışan BŞH-nın rəsmisi bildirib ki, hər şey plan üzrə gedir. O, tribunaların quraşdırılmasına başlayacaqları vaxtı da açıqlayıb: “Bu işə martdan start verəcəyik. Bu, aprelin ortasına kimi davam edəcək. İşlərimiz tam olaraq Qran-prinin olacağı həftədə yekunlaşacaq”.

N.Arpadarainin sözlərinə görə, bir müddət öncə “Formula-1”lə artırılan müqavilədən sonra biletlərin satışı artıb və coğrafiyası günbəgün genişlənir: “Tikinti ilə bərabər, təbliğat işlərimiz də gedir. Azərbaycan Qran-prisinin biletləri artıq 51 ölkədən alınıb. Demək olar ki, hər gün bu rəqəm dəyişir. Ümumilikdə nəticələrdən razıyıq. Xüsusilə, “Formula-1”lə müqaviləni artırdıqdan sonra bilet satışı iki dəfə artıb”.

O bildirib ki, hələlik yolların məhdudlaşdırılması və ya bağlanılması nəzərdə tutulmayıb: “Çünki asfalt qatını yeniləmirik, öz tikinti işlərimizi aparırıq. Əsas yollar Qran-pri həftəsində məhdudlaşdırılacaq. Bununla bağlı öncədən hər şeyi bildirəcəyik. Hazırda heç bir yolda məhdudiyyət yoxdur, bir çox işləri gecə saatlarında aparırıq”.

N.Arpadarai yeniliklərlə bağlı da danışıb. O bildirib ki, trasın konfiqurasiyası dəyişmədiyindən, azarkeşlər yalnız əyləncə proqramlarında sürprizlərlə qarşılaşacaqlar: “Əyləncə proqramını daha da maraqlı etməyi planlaşdırırıq. Hər il olduğu kimi, bu dəfə də fərqli olacaq. Azarkeşlər yenə dünya ulduzlarının konsertlərini izləyəcəklər. Bununla yanaşı, Dənizkənarı Milli Park ərazisində çoxsaylı əyləncələr, uşaq zonaları, şou proqramları da olacaq”.

Qeyd edək ki, “Formula-1” üzrə 2019-cu il dünya çempionatı martın 17-də Avstraliyada start götürəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR