“Rəvan”dan ayrıldıqdan sonra mənə “İnter”, “Xəzər Lənkəran” və “Neftçi” klublarından təkliflər gəldi. Lakin agentimlə düşündük ki, digər Avropa klublarının təkliflərinə baxaq”. ONA-nın məlumatına görə, bunu Bakın “Səbail” klubunun nigeriyalı futbolçusu Oke Akpoveta deyib.
2014-cü ildə ölkəmizdə oynamış hücumçu Azərbaycana qayıdışının necə reallaşdığına aydınlıq gətirib: “Uzun müddət Skandinaviyada olduqdan sonra həyatımda yeni bir cığır açmaq istəyirdim. Norveçdən, Cənubi Afrikadan təkliflərim var idi. Lakin Azərbaycana yenidən qayıtmaq istədim. Çünki buranı çox gözəl tanıyıram. Agentim soruşdu ki, belə bir variant var, sən Azərbaycana, Bakıya yenidən getmək istərdinmi? Düşünmədən razılıq verdim. Çünki Bakını çox yaxşı tanıyıram. Bilirsiniz ki, ailəliyəm, iki övladım var. Şəhərə onlar da yaxşı bələddirlər. Azərbaycanda mənimlə daha iki klub maraqlansa, “Səbail”i seçdim. Yeni yaranan klubdur, turnir cədvəlində mövqeyi yaxşıdır və bilirəm ki, burada məqsəd var. Kluba gələndən sonra düzgün qərar verdiyimə əmin oldum. Var gücümlə çalışacağam ki, komandamız öz hədəflərinə çatsın”.
O, 5 mövsüm əvvəllə müqayisədə Premyer Liqanın inkişaf etdiyini də deyib: “Bayıl Arena” ilə bağlı bir fərqi də qeyd etmək istərdim. “Rəvan”da oynadığım dövrdə burada baza yox idi. Amma indi yeni və çox gözəl, hər cür şəraiti olan bazamız var. Bu da komanda üçün çox müsbət bir haldır”.
O.Akpoveta klubunun saytına açıqlamasında “Səbail”in avrokubok şanslarını da dəyərləndirib: “Hər şey mümkündür. Hazırda turnir cədvəlində 3-cü yerdəyik. 1 və 2-ci yerdə olan komandalarla xal fərqimiz 8, 4-cü yerdə olanla 6 xaldır. Hər bir oyunçumuza inanıram. Hədəflərimiz var, buna görə mübarizə aparırıq. Mövsümün sonunda istəyimizə çatmaq üçün heç nə əsirgəmirik. İlin sonunda Avropa Liqasına vəsiqə qazanan komandalardan birinin “Səbail”ə olması üçün nə qədər gücümüz varsa, sərf edirik”.