• İDMAN

    12:17 4 mart 2019

Nihat Kahveci: “Finalın Bakıda olması Azərbaycanın tanınması baxımından böyük bir şansdır”

“Türkiyə millisinin heyətində daha öncə də Bakıya gəlmişəm. Olimpiya stadionunda deyil, digər arenanızda oynamışdıq. Səhv etmirəmsə, 7 il öncə idi. Dünən hava limanına enib otelə gəldikdə, “Bakı 2019: Ulduzlar Finalı”nı oynadığımız yerə getdikdə gördüm ki, Bakı inanılmaz dərəcədə dəyişib”. ONA-nın məlumatına görə, bunu Türkiyə millisinin sabiq ulduzu Nihat Kahveci deyib.

Bakının UEFA Avropa Liqasının final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtımıza gələn “Beşiktaş”ın sabiq hücumçusu ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Futbola böyük bir sərmayə qoyulduğunun şahidi oldum. Bu səbəbdə də UEFA Avropa Liqasının finalı Bakıda oynanılacaq. Təşkilatçılıq möhtəşəmdir. Bu, Azərbaycanın tanınması baxımından böyük bir şansdır. Avropa Liqasında baxdıqda, “Napoli”, “Arsenal”, “Sevilya”, “Valensiya”, “Vilyarreal”, “İnter” və ya “Çelsi” kimi komandalar mübarizə aparır. Sanki, Çempionlar Liqasıdır. Bu səbəbdən çox şanslısınız. Gözəl bir final olacaq. Burada hamı bizi xoş qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyevə, AFFA rəhbərliyinə, xalqınıza təşəkkür edirəm. Mən də sizə Türkiyənin salamını gətirmişəm. Burda olmaqdan çox qürurluyam”.

İspaniyanın “Real Sosyedad”, “Vilyarreal” kimi klublarında da oynamış hücumçu Türkiyə klublarının Avropa Liqası ilə vidalaşmasına da münasibət bildirib. O, həmçinin mayın 29-da Bakıda olacaq final görüşü üçün favoritlərini də açıqlayıb: “Bizim komandaların da çox irəli getməsini istərdik. Amma təəssüf ki, mübarizəni davam etdirə bilmədik. Favoritlərə gəlincə, “Sevilya” bu kuboku 5 dəfə qazanıb. Amma bu dəfə “Napoli”, “Arsenal”, “Çelsi”, “Benfika” da var. Fikrimcə, finalda komandalardan biri İspaniya təmsilçisi ola bilər. Əgər bir-biriləri ilə qarşılaşmazlarsa, “Napoli” də həlledici görüşdə oynayacaq”.

O, “Vilyarreal”ın Bakıdakı finalda oynayacağının çətin olduğunu da vurğulayıb: “Vilyareal”ın hazırkı hədəfi La Liqada yerlərini qorumaqdır. Çünki son pillələrdədirlər. Avropa Liqasında bura kimi gəlmələri də uğurdur. Amma finala çıxmaları çətin məsələdir”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR