• İDMAN

    02:34 22 mart 2019

Nikola Yurçeviç: “Bir az idman xoşbəxtliyi olsaydı, sürpriz edə bilərdik”

“Qələbə münasibətilə Xorvatiyanı təbrik edirəm. Onlar bu qələbəyə layiq idilər”. ONA-nın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

53 yaşlı mütəxəssis AVRO-2020-nin Xorvatiya ilə Zaqrebdə keçirilən səfər oyunundan sonra baş tutan mətbuat konfransına qatılıb. N.Yurçeviç komandamızın 1:2 hesabı ilə uduzduğu görüş barədə fikirlərini açıqlayıb: “Mən üzgünəm. Çünki biz xal qazanmağa çox yaxın olsaq da, uduzduq. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Futbolçularımız var qüvvələri ilə mübarizə apardılar. Hesabı 2:2 etmək imkanı da qazanmışdıq. Amma sonra qrupumuzun ən güclüsü qalib gəldi. Seçmə mərhələnin start oyunu bizim üçün çox vacib idi. Biz yolumuza davam etməyə köklənmişik”.

N.Yurçeviç bir neçə dəfə hakimə etiraz etməsinin səbəbini də açıqlayıb: “Mənə elə gəlirdi ki, hakim xorvatların xeyrinə səhv edib. Hərçənd, onların buna ehtiyacları da yox idi. Amma bu, mənim şəxsi fikrimdir. Xorvatiya öz gücü hesabına qalib gəlib. Burada hakimin heç bir təsiri olmayıb”.

N.Yurçeviç rəqibə müqavimət barədə də danışıb: “Rəqibin səviyyəsinə bilirdim. Onlara yaxşı müqavimət göstərmək istəyirdik. Buna da hazırlaşmışdıq. Bu, Xorvatiya üçün də gözlənilməz idi. Bir az idman xoşbəxtliyi olsaydı, sürpriz edə bilərdik”.

Baş məşqçi komandalar arasında fərqin böyüklüyünü də qeyd edib: “Xorvatiya tam başqa səviyyədədir. Biz onlardan çox uzağıq. Bu nəticədən razı qalmalıyıq. Rəqibimiz daha asan oyun gözləyirdi. İlk yarının sonundakı qol böyük əhəmiyyətə malik idi. Fasiləyə 1:0 hesabı ilə öndə yollansaydıq, hər şey başqa cür ola bilərdi”.

Xorvatiyalı mütəxəssis həmyerlilərinə rəqib olmağa da münasibət bildirib: “Bu vəziyyətə hazır idim. Bir az qəribə hiss idi. Xorvatiyanın mənim üçün nə kəsb etdiyi bəllidir. Həmişə himn çalınanda əlim ürəyimdə olur. Amma bu gün bütün ürəyimlə Azərbaycanla idim. Arzum isə heç olmasa bir xal qazanmaq idi. Xorvatiya isə şübhəsiz qrupda birinci olacaq”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR