• İDMAN

    22:31 20 mart 2019

Nikola Yurçeviç: “İstəyirik ki, Xorvatiya üçün xoş olmayan sürpriz edək”

“Oyunçuların məşqdə göstərdiklərindən razıyam. Hamı motivasiya ilə, ürəklə çalışırdı. Futbolçularımın bu günədək göstərdiyi durumdan, performansdan xeyli razıyam”. ONA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

53 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə səfərdə keçiriləcək sabahkı oyununa həsr olunan mətbuat konfransına qatılıb. N.Yurçeviç Zaqrebdə baş tutacaq matç barədə fikirlərini açıqlayıb: “Sözsüz, Xorvatiyanın futbolçularının səviyyəsi tam başqadır. Amma futbol elə bir oyundur ki, orda hər şey mümkündür”.

Yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki hər qarşılaşmadan əvvəl heyəti açıqlasa da, N.Yurçeviç fərqli düşünür: “Heyəti sərəncamında olan futbolçuların 13-ü arasından seçəcəyəm. Bunlar Səlahət Ağayev, Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Şəhriyar Rəhimov və ya Təmkin Xəlilzadə, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Araz Abdullayev, Namiq Ələsgərov, Ramil Şeydayev və Mahir Mədətovdur. Onlardan “11-liy”i müəyyənləşdirəcəm. Taktiki sxemə gəlincə, 4-1-4-1 və ya 4-2-3-1 taktiki sxemindən yararlanacağam”.

N.Yurçeviç rəqibin güclü olduğunu qeyd edib: “Xorvatiya dünya və Avropa çempionatlarında özünü yaxşı tərəfdən göstərmiş komandadır. Belə bir tendensiya var ki, onlar güclü komandalara qarşı daha yaxşı oynayırlar. Nisbətən zəif komandalarla görüşlərdə o qədər yüksək səviyyədə çıxış etmirlər. Bizim motivasiyamızın da yüksək olması isə lehimizə ola bilər. Xorvatiya haqda oyunçulara nə lazımdırsa, hamısı artıqlaması ilə çatdırılıb, video-analizlər edilib. Lakin əsas məsələ bu deyil, meydanda nələrin baş verəcəyidir. Hamı bilir ki, Xorvatiya oyunun favoritidir. Amma biz də istəyirik ki, onlar üçün xoş olmayan sürpriz edək”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR